UNICEF-in rəsmisi Azərbaycanda - FOTOLAR

11 Oktyabr 2024 14:00 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah ilə görüş olub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, nazir müavini Anar Kərimov ölkəmizdə uşaqların müdafiəsi, habelə əlillik və inklüzivlik, həssas qruplara aid uşaqların və ailələrin sosial müdafiəsi sahələrində UNICEF-lə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb.

Həmçinin uşaq qayğı sisteminin gücləndirilməsi istiqamətində son illər aparılan islahatlar, “Himayədar ailə” qayğı modelinin tətbiqi işləri barədə məlumat verilib. Dövlət uşaq müəssisələrindən uşaqların ailələrinə reinteqrasiyasına yönələn tədbirlər, uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə aparılan işlər diqqətə çatdırılıb.

Ötən dövrdə həmin sahələrdə, habelə sosial işçilərin bacarıqlarının təkmilləşdirilməsi, əlilliyi olan gənclərin məşğulluq imkanlarının artırılmasının dəstəklənməsi və s. sahələrdə birgə layihələrin əhəmiyyəti qeyd edilib. Bu ilin iyun ayında nazirliklə UNICEF arasında imzalanmış 2024-2025-ci illər üçün İş planı əsasında görülən işlərdən bəhs olunub.

S.F.Abdullah ölkəmizin uşaq qayğı sistemində aparılan islahatları və həmin islahat prosesində UNICEF-lə davamlı əməkdaşlığın həyata keçirilməsini müsbət dəyərləndirib.

Görüşdə gələn ay Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində UNICEF-lə əməkdaşlıq çərçivəsində təşkil olunması nəzərdə tutulan tədbirə, həmçinin gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.