Qubada “Yaşıl dünya naminə yaşıl təhsil” adlı IV beynəlxalq elmi konfrans keçirilir

11 Oktyabr 2024 13:15 (UTC+04:00)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının ev sahibliyi ilə keçirilən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda IV beynəlxalq elmi konfrans oktyabrın 11-də işə başlayıb.

Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri əsasında Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun Quba filialının birgə təşkilatçılığı ilə keçirilir.

Əvvəlcə konfransın iştirakçılarından ibarət nümayəndə heyət ümummilli lider Heydər Əliyevin Qubadakı heykəli önünə tər çiçəklər düzüb, əziz xatirəsinə ehtiram göstəriblər.

Konfrans Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ADPU-nun Quba filialının ötən dövrü əhatə edən fəaliyyətindəki uğur və nailiyyətləri, o cümlədən mövzuya dair əvvəlki konfrnasların çağırışlarını özündə ehtiva edən film nümayiş olunub.

Konfrans rəsmi hissə, bədii proqram və 3 paneldən ibarətdir.

İki gün keçirilməsi planlaşdırılan konfrans çox sayda beynəlxalq statuslu təhsil müəssisələrinin təşkilati dəstəyi ilə həyata keçirilir. Tərəflər təşkilati prosesdə gündəlikdə olan mövzuya xüsusi həssaslıqla yanaşdıqlarını ifadə ediblər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 beynəlxalq tədbirinə böyük səylə ev sahibliyinə hazırlaşan Azərbaycan bu istiqamətdə ölkənin elm və təhsil ictimaiyyəti qarşısında da təxirəsalınmaz vəzifələr qoymuşdur. Başqa sözlə, Azərbaycan dövlətinin məqsədyönlü COP29 siyasətinin ölkənin elm və təhsil ictimaiyyəti qarşısında qoyduğu vəzifələr Azərbaycan Dövlət Pedaqoji Universitetinin ADPU Quba filialının kollektivi tərəfindən də yüksək məsuliyyətlə qəbul olunur və prosesə xüsusi elmi-pedaqoji həssaslıqla yanaşılır. Məhz bu baxımdan da “Yaşıl dünya naminə yaşıl təhsil” ADPU-nun Quba filialının gündəlik fəaliyyətində vacib çağırışdır.

Məlumat verilib ki, konfransa indiyədək ümumilikdə 74 məqalə təqdim olunub. Onlardan 54-ü Təşkilat Komitəsinin redaksiya heyəti tərəfindən təsdiqlənib. Məqalələrin qəbulu 2024-cü il noyabrın 12-dək davam edəcək. Məqalələrdə bütün sahələri əhatə edən qlobal məkanda aktual olan ən vacib beynəlxalq problemlərə toxunulur.

Ümumilikdə konfransın təşkilinə 7 ölkədən beynəlxalq statuslu 12 ali məktəb dəstək verib.
Konfrans çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Vətən müharibəsi şəhidi, kapitan Aqil Məlikovun adını daşıyan auditoriyanın açılışı olub.