"Şamaxı", "Turan Tovuz" və "Sumqayıt" klubları cərimələnib

11 Oktyabr 2024 13:14 (UTC+04:00)

AFFA İntizam Komitəsi "Şamaxı", "Turan Tovuz" və "Sumqayıt" klublarını cərimələyib. SİA xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

"Şamaxı" Premyer Liqanın IX turunda "Səbail"ə səfərdə uduzduğu (0:2) görüşdə dörd oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək. Bölgə təmsilçisinin legioneri Brahim Konate ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün bir oyunluq cəza alıb, klubu isə 500 manat ziyana düşüb.

"Turan Tovuz" isə "Zirə"yə qalib gəldiyi (1:0) matçda yaşananlara görə cərimələnib. Meydan sahiblərinin azarkeşləri sözügedən görüşdə meydana kənar aşyalar atıblar. Bu səbəbdən Tovuz klubu 800 manat ödəməli olacaq.

"Sumqayıt"ın evdə "Qarabağ"a uduzduğu (0:1) qarşılaşmada da eyni hal yaşanıb. "Gənclik şəhəri" təmsilçisi azarkeşlərin meydana kənar əşya atması ucbatından 800 manat ödəyəcək.