Son zamanlar Bakıda keçiriləcək COP29 tədbiri səbəbindən noyabr ayında toyların ləğv olunması barədə xəbərlər yayılıb. Bəs, bu nə dərəcədə həqiqətə uyğundur? Müğənnilərə bu barədə məlumat verilibmi? SİA mövzu ilə bağlı müğənnilərin fikirlərini öyrənib.
Azərbaycan Respublikasının əməkdar artisti Firuzə İbadova: "Bu barədə hələ bizə məlumat verilməyib. Bilirsiniz ki, müğənnilərin gücünü artıran xalqımızın toy şənlikləridir. Biz qanuna riayət etməliyik.
Xatırlayırsınızsa, Covid-19 zamanı çox əziyyət çəkdik. Bura tək musiqiçilər aid deyil. Çünki Azərbaycanda bir çox sahələr toyla bağlıdır. Əgər toy olmursa, restoranlar işləmir, ofisiantlar toyla dolanır, bazar-dükan toya bağlıdır, zinət əşyaları satılmır, sürücülərin işi zəifləyir. COP29-da da Covid-19 kimi qapanma olsa aləm dəyəcək bir-birinə.
Çoxluq kasıb təbəqədir. Elə mən özümü də onlara şamil edirəm. Çünki mən də var-dövlət içində yaşamamışam, heç yaşamıram da. Xalqımı, dövlətimi və Dövlət Başçımızı çox sevirəm. Bu bizim ölkəmiz üçün əlamətdar hadisədir. Qoy, xarici qonaqlar gəlib görsün ki, bütün dünyanın gözü Azərbaycandır".
Müğənni Ülviyyə Namazova: "Mənim noyabr ayı üçün nəzərdə tutulmuş toylarım var. Düzdür, azdır, amma var. Yəni, 3-4 toy olacaq. Bunlar rayonda və ölkə xaricindədir.
Mən Azərbaycanda çox az vaxt oluram. Ona görə də COP29-a görə toyların ləğv olunması ilə bağlı heçnə eşitməmişəm. Hal-hazırda Rusiyada toydayam. Qış ayı olduğu üçün burda da toy azdır. Noyabr ayı üçün Bakıda ümumiyyətlə toyum yoxdur, bölgələrdədir".
Müğənni Ofelya Şabanova: "Bəli, bir neçə toy məclisimin vaxtı dəyişib. Bununla yanaşı, iki toyum da təxirə düşüb. Nə edə bilərik?! Qanun qarşısında boynumuz qıldan incədir".
Ayşən Vəli