UNESCO-nun baş direktoru Odri Azule Ümumdünya Kitab Paytaxtı Məşvərət Komitəsinin tövsiyəsi əsasında Rabatın (Mərakeş) 2026-cı il üçün Dünya Kitab Paytaxtı seçildiyini elan edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Təşkilatın saytı xəbər verir ki, baş direktor deyib: “2025-ci ildə Rio-de-Janeyrodan sonra Rabatın 2026-cı il üçün Dünya Kitab Paytaxtı elan edildiyini elan etməkdən məmnunam. Rabat kitabların bütün müxtəlifliyi ilə bilik və incəsənət mübadiləsinə kömək edən mədəniyyət mərkəzidir. Artan yerli kitab sənayesi də təhsilin inkişafında mühüm rol oynayır. Bu fəaliyyətlər UNESCO-nun mandatına uyğun həyata keçirilir”.
Rabatda 54 nəşriyyat evi, Afrikada üçüncü ən böyük beynəlxalq kitab və nəşriyyat yarmarkası və getdikcə artan kitab mağazaları var. Bu şəhərin kitab sənayesi təkcə yaradıcı iqtisadiyyatının mühüm hissəsi deyil, həm də biliyin dərinləşdirilməsinə töhfədir.
UNESCO və Ümumdünya Kitab Paytaxtı Məşvərət Komitəsi Rabatı ədəbi inkişafa, mütaliə vasitəsilə qadınların və gənclərin səlahiyyətlərinin artırılmasına, savadsızlıqla mübarizəyə, xüsusən də icmalar arasında aydın öhdəliyinə görə bu titula layiq görüb.
2026-cı il üçün Dünya Kitab Paytaxtı olacaq Rabat kitablara çıxışı artırmaq və yerli nəşriyyat sənayesini dəstəkləməklə davamlı iqtisadi artımı və sosial faydalar kontekstində bir sıra təşəbbüslər həyata keçirəcək. Xüsusilə, şəhər rəhbərliyi bütün sakinlərin savadını artırmaq üçün böyük bir proqram təqdim edəcək.
Tədbirlərin açılışı 2026-cı il aprelin 23-də - Ümumdünya Kitab və Müəllif Hüquqları Günündə olacaq.