"İstəyirik ki, gələcək nəsillərimizə təmiz bir dünya buraxaq"

10 Oktyabr 2024 21:06 (UTC+04:00)

Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Azərbaycanın 11-22 noyabrda ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP 29) prosesində lazımlı hər dəstəyi verəcəklərini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Nazir Kurum "Pre-COP 29: əzmi artırmaq, fəaliyyəti gücləndirmək" adlı tədbirdə iştirak etmək üçün səfər etdiyi Azərbaycanda jurnalistlərə açıqlamalar verib. O, "COP-29 prosesində Azərbaycan dövlətinə hər cür dəstəyi verəcəyik. İstəyirik ki, COP-29 bütün dünya üçün vacib qərarların qəbul edildiyi bir toplantı olsun" deyib.

Murat Kurum COP-29-da inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizələrində maliyyə vəsaitlərinə çıxışını asanlaşdıracaq addımların atılmasını istədiklərini vurğulayıb.

COP-29 prosesini yaxından izləyəcəklərini bildirən nazir prezident Rəcəb Tayyib Ərdoğanın 2053-cü il üçün “Sırf sıfır emissiya” hədəfinin bütün dünya ilə paylaşıldığını və nazirlik olaraq iqlim dəyişikliyi ilə mübarizə və uyğunlaşma sahəsində çox vacib addımlar atdıqlarını qeyd edib.