Abbas Erakçi: ''İran istənilən ssenariyə hazırdır''

10 Oktyabr 2024 20:17 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Erakçi ölkəsinin müharibə istəmədiyini, lakin istənilən ssenariyə hazır olduqlarını açıqlayıb. Mərkəzi Qətərdə yerləşən “Əl-Cəzirə” telekanalına müsahibəsində Abbas Erakçi İsrailin İrana mümkün hücumu və bölgədəki son hadisələrə dair sualları cavablandırıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

O, "Bölgədə müharibə və gərginliyin artmasını istəmirik, lakin istənilən ssenariyə hazırıq. İsrailin hücumunun necə olacağını görəcəyik. Buna görə reaksiya verəcəyik" deyə bildirib.

Abbas Erakçi, İsrailin müharibəni bölgəyə yaymağa çalışdığına da diqqət çəkərək "Bölgədəki müqavimət qüvvələri İsrailə cavab verə bilər. Müqavimət qüvvələrinə dəstəyimiz yalnız siyasət və diplomatiya ilə məhdudlaşmayacaq. Nə lazımdırsa edəcəyik" ifadələrini işlədib.

Səudiyyə Ərəbistanı və Qətərə son səfərləri zamanı Qəzza və Livanda sülhün təmin edilməsi məsələlərini müzakirə etdiklərini bildirən Abbas Erakçi Amerika Birləşmiş Ştatları ilə diplomatik kanalların açıq olduğunu və digər ölkələr vasitəsilə dolayı yolla fikir mübadiləsi apardıqlarını qeyd edib.