Əli əs-Sistanini “hədəf siyahısı”na saldığı üçün İraq İsraili qınadı

10 Oktyabr 2024 18:26 (UTC+04:00)
İraq dövləti İsrail mediasının şiələrin ən böyük dini rəhbəri Ayətullah Əli əs-Sistanini “hədəf siyahısı”na salmasını qınayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İraq hökumətinin mətbuat katibi Bəsim Əvadi verdiyi yazılı açıqlamada ölkədəki ən böyük dini rəhbərin statusuna yönələn hər cür pozuntunu şiddətlə qınadıqlarını bildirib: "İraq hökuməti bütün xalqının, ərəb-İslam dünyasının, beynəlxalq ictimaiyyətin hörmətini və etibarını qazanan dini rəhbərimizin statusuna zərər verilməsini ən güclü şəkildə rədd edir."

Əvadi əlavə edib: "Sionist varlığın soyqırım xarakterli müharibəyə girməsi, insanlığa qarşı böyük cinayətlər törətməsi, Qəzza və Livanda açıq şəkildə qətl və təcavüzkarlıq etməsindən sonra təxribatçı və irqçi mediasının (Kanal 14) məzmununu dini rəhbərin imicini ləkələməyə yönəltməsini ucuz bir cəhd kimi görürük." O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi və beynəlxalq tərəflərə çağırış edərək beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən bu əməli qınamağa çağırıb.

Xatırladaq ki, İsraildəki “Kanal 14” televiziyası Əli əs-Sistaninin posterini yayımlayaraq onun İsrailin hədəf siyahısında olduğunu iddia etmişdi.