Şuşa və Ağdərədə yerquruluşu üzrə çöl ölçmə işləri davam etdirilir

10 Oktyabr 2024 15:42 (UTC+04:00)

İşğaldan azad olunmuş ərazilərdə torpaqların elektron kadastr uçotu ilə əlaqədar 2022-ci il, 2023-cü il və 2024-cü ilin 9 ayı ərzində Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, Xocalı, Ağdərə rayonlarında və Şuşa şəhərində, ümumilikdə, 1134669 hektar ərazidə yerquruluşu üzrə çöl ölçmə işləri yekunlaşıb. Hazırda Şuşa şəhəri və Ağdərə rayonunda çöl ölçmə işləri davam etdirilir. SİA xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin baş mühəndisi Çingiz Tanrıverdiyev Laçın şəhərində keçirilən Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında söyləyib.

O, həmçinin bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə qədər yerquruluşu üzrə 781009,81 hektar torpaq tədqiqatı, 523566,68 hektar geobotaniki tədqiqat işləri aparılıb.