"Azərbaycan bu sahəyə çox böyük vəsait ayırıb ki,..." - ŞƏRH EDİLDİ

10 Oktyabr 2024 14:24 (UTC+04:00)

"Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən, 44 günlük Zəfər müharibəsindən sonra ərazilərimizdə minaların təmizlənməsi prosesi başladı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, bu proses getdikcə də Azərbaycan ərazilərinə köçkün, qaçqın qardaş-bacılarımızın köçü başladı: "Təbii ki, orada əvvəl şərait yaradıldı, yeni ağıllı şəhər və kəndlər salındı. Tikinti işləri çox sürətlə gedir. Bu müddət ərzində Azərbaycan oraya çoxlu vəsait ayırıb. Artıq rayonların əksəriyyətinə köçlər başlayıb. İlk köç Zəngilanın Ağalı kəndinə oldu. Orada həyatın bütün istiqamətlərində işlər aparılıb. Yüksək səviyyəli ağıllı kənddir.

Ondan sonra da digər şəhər və kəndlərimiz də bu istiqamətdə inkişaf etdirilməyə başladı. Füzuli şəhərində yeni binalar tikildi, Cəbrayıla köçlər başladı, alınmaz qalamız, mədəniyyət mərkəzimiz Şuşaya böyük köçlər başlayıb. Evlər, binalar tikildikcə də, əhali orada məskunlaşır. Bu mənada proses gedir. Bunun yekunlaşması o zaman olacaq ki, bizim ən son qaçqın bacı-qardaşımız doğma obasına qayıdacaq. 30 il müddətində bu torpaqlar işğal altında olanda həmin soydaşlarımız ağır vəziyyətdə, vaqon, çadırlarda, yataqxanalarda çox çətin vəziyyətdə yaşadılar. İndi isə onların vaxtında köçürülməsi üçün çox nəhəng işlər görülür. Azərbaycan bu sahəyə çox böyük vəsait ayırıb ki, əhali rahat köçsün, yaşasın, bizim bir daha qaçqın problemimiz olmasın. Ona görə də "Böyük Qayıdış"ın sürətlə getməsi ancaq əhalinin rahat yaşaması və çətinliklərdən yaxa qurtarması üçündür".