Qida riskinə qarşı bu qaydalara əməl etmək lazımdır - AQTA-dan TOY AÇIQLAMASI

10 Oktyabr 2024 12:33 (UTC+04:00)

Qida zəhərlənməsi bakteriyalar və ya onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələr ilə yoluxmuş qida və suyun qəbulunun səbəb olduğu xəstəlikdir. Yoluxma adətən qida və ya içki məhsulları ilə düzgün olmayan qaydada davranma, onların səhv hazırlanması və saxlanılmasından irəli gəlir.

ABŞ-də qida mənşəli xəstəliyin illik rastgəlmə tezliyinin 4 nəfərə 1 xəstəlik hadisəsi olması hesablanılır. Ehtimal edilir ki, ABŞ-də hər bir şəxs hər 3-4 ildən bir qida mənşəli xəstəlik keçirir. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (XNPM) tərəfindən aparılan bir tədqiqatda hesablanılmışdır ki, qida mənşəli xəstəliklər hər il ABŞ-də təxminən 179 milyon xəstəliyə, 487000 hospitalizasiyaya və 6200 ölüm hadisəsinə səbəb olur.

Bəzi ölkələrdən fərqli olaraq Azərbaycan toyları təmtəraqlı keçirilir. Azərbaycan toyları yeməklərin bolluğu və çeşidlərinə görə də fərqlənir. Ancaq tez-tez toylarda kütləvi zəhərlənmələrin də şahidi oluruq. Azərbaycanda baş verən qida zəhərlənmə faktları bir daha onu sübut edir ki, qida təhlükəsizliyi rejimləri daha çox ictimai iaşə müəssisələrində gözlənilmir. Qarşılaşdığımız qida təhlükəsizliyi risklərini necə azalda bilərik?

SİA-nın sorğusuna cavab olaraq məsələ ilə bağlı AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsi məsələyə belə aydınlıq gətirib: "Araşdırmalar göstərir ki, zəhərlənmələrə əsasən qida məhsulları ilə düzgün davranmamaq, qidaların saxlanma və emal qaydalarına əməl etməmək səbəb olur. Qida vasitəsilə yaranan xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün bəzi tövsiyələrə əməl etmək lazımdır:

- istifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməməli;

- qutusu zədələnmiş və ya qapağı boşalmış konservləri istifadə etməməli;

- meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuyub istehlak etməli;

- ət, toyuq, balıq məhsullarını və südü uyğun müddətdə və temperaturda bişirməli;

- yeməkləri günlük olaraq hazırlayıb, artıq qalanını bir dəfədən çox isitməməli;

- yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına riayət etməli;

- pasterizə olunmamış süd və süd məhsullarından istifadə məsləhət görülmür".