Ağdamda pendir istehsalı müəssisəsinin fəaliyyətində nöqsanlar aşkarlanıb - FOTO

10 Oktyabr 2024 11:54 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Ağdam rayonunun Çullu kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Atalin Əvəz oğluna məxsus pendir istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı istehsal müəssisəsində qida təhlükəsizliyi və qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyənləşib.

Müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin yaradılmadığı, havalandırma sisteminin qurulmadığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, döşəmə və divar səthlərinin təmirsiz olduğu, həmçinin dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, qida məhsulları ilə təmasda olan alət, avadanlıq və ləvazimatların təmiz saxlanılmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi aşkarlanıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.