“Rusiya-Azərbaycan münasibətləri hazırki dövrün inkişafı baxımından strateji xarakter daşıyır, qarşılıqlı hörmət və etibara söykənən bu münasibətlər iki dövlətin yaxın müttəfiq dövlətlər olmasını xarakterizə edir. Əlbəttə ki, bu məsələdə hər iki ölkənin rəhbəri, həm Rusiya Prezidenti Vladimir Putin və Cənab Prezident İlham Əliyev arasında yaranmış səmimi və dostluq münasibətlərini vurğulamaq lazımdır. Hər iki ölkənin liderinin səmimi və dostluq münasibətləri xalqlar arasında mehriban qonşuluq və işgüzar əlaqələrin möhkəmlənməsinə gətirib çıxarmışdır. Bu müttəfiqlik münasibətlərini möhkəmləndirən və əsas təməllərindən biri də şübhəsiz ki, 2022-ci ilin fevral ayında iki dövlət arasında imzalanmış qarşılıqlı müttəfiqlik haqqında bəyənnamədir. Bu onu göstərir ki, Rusiya Federasiyası Azərbaycana böyük inam və etimad göstərir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.
O bildirib ki, xüsusən indiki gərgin geosiyasi vəziyyətdə Rusiyanın ölkəmizə olan etibarı dövlətimizin regional təhlükəsizlik məsələlərində sağlam mövqe tutmasından irəli gəlir.
Bu ilin avqust ayında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına dövlət səfəri, ölkələr arasında qarşılıqlı əməkdaşlıq və iqtisadi əlaqələrin genişləndirilməsi, Rusiya Prezidentinin Bakıda zəngin proqramı, Rus pravaslav kilsəsinə baş çəkməsi, Rus icması ilə görüşü bu əlaqələrin inkişafına daha da təkan olmuşdur. Eyni zamanda müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisad İttifaqına Azərbaycan Prezidentinin xüsusi statusda dəvət olunması, MDB dövlət başçılarının sammiti, qarşıdan gələn BRİCS Sammiti və digərləri onu göstərir ki, Rusiya-Azərbaycan əlaqələri və əməkdaşlığı çoxşaxəlidir və regional əhəmiyyətə malikdir. Azərbaycan hökuməti bu mənada Rusiyanın iştirakı ilə baş tutan iqtisadi və təhlükəsizlik baxımından regional və qlobal təşəbbüslərə fəal şəkildə qoşulur.
Dünən başa çatan MDB dövlət başçılarının Moskva şəhərində keçirilən son sammitini də bu baxımdan mühüm qiymətləndirmək olar. Bu sammitdə Cənab Prezident İlham Əliyevin iştirakı, əldə olunan razılaşmalar, ölkəmizin mənafeyini əks etdirən beynəlxalq miqyaslı qərarların qəbulu, ölkə başçımıza həm Rusiya mətbuatı və ictimaiyyəti və Rusiya Prezidenti tərəfindən göstərilən yüksək diqqət və səmimi qəbullar onu göstərir ki, hər iki dövlət arasında müttəfiqlik münasibətləri bundan sonra da inkişaf edərək genişlənəcək, müxtəlif sahələri əhatə edəcək və regionun inkişafına xidmət edəcək”.