Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının tədbirində təmsil olunub - FOTO

10 Oktyabr 2024 10:14 (UTC+04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Dəniz ətraf mühitinin mühafizəsi üzrə komitəsinin 82-ci sessiyasında ölkəmizi təmsil edib. SİA bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə qurumun İdarə Heyəti sədrinin müşaviri Habil Abbasov və Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin baş mütəxəssisi Fərid Murtuzov iştirak ediblər.

Sessiya çərçivəsində gəmilərin enerji effektivliyi, istixana qazlarının emissiyalarının azaldılması üzrə strateji hədəflərin müəyyən olunması, iqlim dəyişiklikləri ilə mübarizə üsullarının seçilməsi, həmçinin qəbul edilməsi üzrə hazırlanmış sənəd layihələri və digər məsələlər müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti Təşkilatın baş katibi Arsenio Antonio Dominqes və Təşkilata üzv dövlətlərin nümayəndələri ilə görüş keçirib. Görüş zamanı dəniz nəqliyyatı sahəsi üzrə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Agentliyin nümayəndə heyəti, eyni zamanda cari ilin noyabr ayında Azərbaycanın dünyanın ən böyük tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı görülən tədbirlərdən danışıblar.