Zolaqlar problemi həll edir, yoxsa yeni tıxaclar yaradır? - REPORTAJ

10 Oktyabr 2024 10:11 (UTC+04:00)

Bakı şəhərində günü-gündən avtomobillərin sıxlığı müşahidə olunur. Bir müddət əvvəl bəzi küçələrdə avtobus zolaqları salınıb. Bu zolaqlarda ancaq ictimai nəqliyyat üçün istifadə edilən avtobusların hərəkətinə icazə verilir. Digər avtomobillərin bu zolaqdan istifadəsi qadağandır. Məlumata görə, Bakı şəhərinin və Abşeron rayonunun küçələrində 21 avtobus zolağı mövcuddur. Avtobus zolaqlarının salınmasının məqsədi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin mənzil başına daha tez çatmasını təmin etməkdir.

Bakı şəhərinin bəzi küçələrində velisoped zolaqları da salınıb. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək. Növbəti mərhələdə avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılacaq.

Bəs, zolaqlar çəkildikdən sonra ictimai nəqliyyatın fəaliyyətində müsbət nəticələr əldə edilib? Şəxsi avtomobildən istifadə edənlər və taksi sürücüləri avtobus zolaqlarından şikayətçi olsalar da, ictimai nəqliyyatdan istifadə edənlər razıdır. SƏS TV mövzu ilə bağlı sərnişinlərin və sürücülərin fikirlərini öyrənib.

"Wolt" kuryeri Abid Cəbiyev: "Məncə, şəhərdə velosiped zolaqlarının salınması çox gözəl və rahatdır. Əvvəllər çətinlik çəkirdik, çünki həm maşın yoluna çıxırdıq, həm də piyadaların yoluna çıxırdıq. Ona görə də bizə problem yaradırdı. Hal-hazırda velosiped yollarının olması işimizi rahatlaşdırır".

Sürücü Səməd Qəhrəmanov: "Avtobus zolaqları tıxacların qarşısını tam şəkildə almır. Elə saatlar olur ki, avtobus zolağı boş olur, amma görürsən ki, maşınlar əziyyət çəkir. Orada yol polisi əməkdaşı olsa, daha yaxşı olar. Polis şərait yaratsa, avtobus olmayanda zolağa daxil olmaq olar. Ümumiyyətlə, COP-la bağlı ayrıca zolaqlar çəkiblər. Heç bir sürücü bilmir ki, o zolağa da girəndə onu cərimə edəcəklər, yoxsa yox. İnsanlar maarifləndirilmir. Müəyyən saatlarda həmin zolağa girməyə icazə var, orada da tıxac olmur. Texniki problemlər də imkan vermir, bəzən həmin saatlarda da cərimələnmə halları yaşanır".

Velosiped sürücüsü Viktor Tarasov: "Bizə velosiped yolları sərfəlidir, amma dəfələrlə qəza halları baş verir. Dünən bizim iş yoldaşımız qəzaya düşüb. İnsanlar görür ki, tıxacdır, velosiped zolağının üstündə hərəkət edirlər. Maşınlar da bizim yolumuza çıxırlar. Əgər qanun birdirsə, hamıya eyni olmalıdır. Siqnal da verirsən, xeyri yoxdur, eşitmirlər".

Sürücü Məryəm İbrahimova: "Elə yollar var ki, iki zolaqlıdır. Onun birini avtobus zolağı ediblər, daha da sıxlıq olur, tıxaclar yaranır. Elə yollar var ki, zolaqlar əngəl törətmir. Bir dəfə vaxtını səhv salıb zolağa səhvən daxil olmuşam. O zaman cərimə yazılıb. Başqa vaxtlarda diqqət etməyə çalışıram".

Velosiped sürücüsü Taleh Əliyev: Velosiped xətləri bizi qane edir, amma hər yerdə olsaydı, daha gözəl olardı. Onu deyə bilərəm ki, bizə rahatlıq yaradıb. Ancaq velosiped xətlərinin bərpası işləri bir az uzandığı üçün narahatlıq yaradır. Bu da düzələn şeydir".

Sərnişin Bəxtiyar Paşayev: "Məncə, avtobus zolaqlarının salınması yaxşı fikirdir. Tıxacların qarşısını nə qədər alacaq bilmirəm. Avtobusların sayı çox olarsa, marşrutlar düzgün qurularsa, məncə, ən yaxşı çıxış yolu budur. Burada məqsəd kiçik avtomobillərin sayını azaltmaq, ictimai nəqliyyatdan istifadəni çoxaltmaqdır".

Sürücü Mətləb Bayramov: "Avtobus zolaqları tıxacların qarşısını almır, daha da əksinə təsir göstərir. Yolu daraldırlar, istər-istəməz sıxlıq yaranır. Şəxsi maşınımla hərəkət edirəm. Zolağa çıxaraq çox cərimələnmişəm. Səhvən etmirəm, məcburam, evə tələsirəm. Cəriməni də ödəməyə məcburuq".

Taksi sürücüsü Anar Qocayev: "Zolaqlar taksi sürücüləri üçün çətinlik yaradır. Çünki daha da tıxac yaranır. İndiyə kimi bir dəfə zolağa səhvən daxil olmuşam. O da görmədiyim üçün baş verib. Zolaqların sayı da çoxdur. Bəzi yerlərdə saatla, bəzi yerlərdə də saatsız zolaqlardır".

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinin rəhbəri Tural Orucov açıqlamasında bildirib ki, avtobusla sərnişin daşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir: "İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır.

Qeyd edək ki, avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. Xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır. Hazırda paytaxtın 29 küçə və prospektində uzunluğu 85 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Avtobus zolağı təşkil edilən zaman yol boyu “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanı quraşdırılır. Ümumilikdə bu zolaqlarda 329 məlumatverici yol nişanı yerləşdirilib. Sürücülər hərəkətdə olarkən nişanların tələblərini rəhbər tutmalıdırlar. Təhlillər göstərir ki, zolaqların istifadəyə verilməsindən sonra avtobuslarla sərnişindaşımada 5-10 faiz artım var. Zolaqlar sayəsində avtobuslar son təyinat nəqtəsində 10-15 dəqiqə daha tez çatır".

Onun sözlərinə görə, son dövrlərdə əhali arasında velosiped və skuterlərdən istifadə edənlərin sayı artıb: "Bu nəqliyyat növünün geniş istifadəsi mikromobillik, şəhər mühitinin inkişafı, tıxac və sıxlığın azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat baxımından çox əhəmiyyətlidir. Artıq AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 20 km məsafəni əhatə edən mikromobillik zolağı təşkil edilib. Bu işlər davam etdirilir".

Avtobusla sərnişindaşımalar, velosiped xətləri şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Belə ki, avtobus üstünlüyünün təmin edilməsi daha çox sərnişin daşınmasına imkan yaradır, marşrutlarda intervalların qorunmasını təmin edir".