6,4 milyon gənc təhsil almaq üçün xaricə gedir

10 Oktyabr 2024 10:08 (UTC+04:00)

Türkiyə tələbələrinin xaricdə təhsilə marağı günü-gündən artır. Belə ki, xaricdə təhsilin həcmi 36,5 milyard dollara çatıb, xarici məktəblər vəd etdikləri təhsil ilə türk tələbələrini cəlb etməyə çalışırlar. SİA xarici mətbuata istinadən xəbər verir ki, xaricdə təhsil bütün dünya gənclərinin ən böyük arzularından biridir. Bu səbəbdən də sektor sürətlə inkişaf edir. 2021-ci ildə beynəlxalq tələbələrin sayı 6,4 milyonu keçib və bazar böyüklüyü 36,5 milyard dollara çatıb. Türk gəncləri daha çox Almaniya, İtaliya kimi təhsilin pulsuz olduğu ölkələrə üz tuturlar.

Dövlətlərinə ən çox tələbə cəlb edən ölkələr sırasında Amerika, Böyük Britaniya, Kanada, Fransa, Avstraliya, Almaniya və İspaniya yer tutur. Çin isə 1 milyondan çox tələbə ilə xaricə ən çox tələbə göndərən ölkələrin siyahısında birinci yerdədir. Rəsmi rəqəmlərə görə, Türkiyədə əcnəbi tələbələrin sayı 300 mini keçib. YUNESKO-nun məlumatlarına əsasən bu göstərici Türkiyəni beynəlxalq tələbələr üçün ən populyar 8-ci ölkə edir.

İtaliya və Almaniya beynəlxalq tələbələrə təqdim etdikləri pulsuz təhsil imkanları ilə diqqəti cəlb edirlər. İtaliya və Almaniyanın dövlət universitetlərində yalnız illik təhsil haqqı ödəməklə təhsil almaq mümkündür. Almaniya beynəlxalq tələbələrə pulsuz təhsil təklif etməklə 349 min beynəlxalq tələbəni öz məktəblərində qəbul etmək şansı əldə edib.