Sülh göyərçini donunda olan BUQƏLƏMUN - TƏHLİL

10 Oktyabr 2024 08:34 (UTC+04:00)

Sülh barədə razılığa gəlinməsində guya maraqlı olduğunu göstərməyə çalışan rəsmi İrəvanın manipulyasiya etdiyi bu dəfə də öz təsdiqini tapdı. Nikol Paşinyanın və onun hakimiyyət komandasının danışıqlardan, müzakirələrdən boyun qaçırması bir daha təsdiq etdi ki, Ermənistan sülh barədə qətiyyən düşünmək belə niyyətində deyil və rəsmi İrəvanın bununla bağlı bəyanatları ancaq söz yığını imiş. Belə çıxır ki, dünyanın bir çox ölkələrində, eləcə də beynəlxalq platformalarda özünü sülh göyərçini kimi göstərmək istəyən əslində, buqələmun imiş. Bu buqələmun sadəcə olaraq, sülh göyərçini kimi özünü təqdim etməkdən nə yorulmaq, nə də utanmaq bilmir.

Ermənistanın baş nazirinin hər rəngə düşdüyünü az görməmişik və dəyişkənliyi də bizə çoxdan bəllidir

Moskvada danışıqlardan yayınmaq üçün Nikol Paşinyanın min oyundan çıxması, sifətdən-sifətə düşməsi ümumiyyətlə, işğalçı ölkənin sülhə tərəf bir addım belə atmaq istəməməsindən xəbər verir. Ələlxüsus ondan xəbər verir ki, rəsmi İrəvan sadəcə olaraq, hansısa yalançı bəyanatlar verməklə işini bitmiş hesab edir. Yəni, Ermənistanın bu vaxta qədər sülh barədə bəyanatlarının nə qədər mənasız olduğu tam çılpaqlığı ilə ortaya çıxmış oldu. Bəlli oldu ki, işğalçı ölkə qətiyyən sülh danışıqlarına hazır deyil və ortada hansısa məkrli planların da olması təkzib edilə bilməz. Ən azından, göründüyü kimi, yaxud özünü göstərdiyi kimi olmamaqla erməni baş nazir ikiüzlülük nümayiş etdirir və bunun özü də riyakarlığın, məkrli planın olmasının təsdiqidir.

Açıq-aydın şəkildə görünür ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasındakı məsələləri, ələlxüsus da sülh gündəliyi ilə bağlı məqamları müzakirə etməkdən yayınmağa çalışır. Ermənistan tərəfi nə qədər səs salıb özünü sülhsevər göstərməyə çalışsa da hər dəfə olduğu kimi, bu dəfə də yalanı ifşa olundu. Hansısa beynəlxalq platformada sülh barədə ağız dolusu danışan Vovayeviçin bu dəfə özünü incimiş uşaq kimi aparmaqla, diqqəti yayındırmağa neçə çalışdığını hər kəs müşahidə etmiş oldu. Hər halda, erməni baş nazirin bu tərzi heç də yenilik hesab olunmur, çünki konkret addımdan, cavabdehlikdən hər zaman qaçmağa çalışan bu adamın özünü dondan-dona saldığını bütün dünya ictimaiyyəti dəfələrlə müşahidə etmiş olub. Onun bir buqələmun kimi hər rəngə düşdüyünü az görməmişik və dəyişkənliyi də bizə çoxdan bəllidir.

Vovayeviçin budəfəki Moskva səfərinə nəzər salmaq reallıqları görmək üçün kifayət edir

Əli sarıqlı, beli çantalı küçə nümayişçisini qısa bir zaman kəsiyindən sonra qalstukda görəndə əslində, bütün dünya ictimaiyyəti öz hesabını getməli idi. Hər kəs bilməli idi ki, küçə nümayişlərindən hakimiyyət kürsüsünə dərhal keçid edən biri üçün bir haldan başqa hala, bir sifətdən başqa sifətə keçmək heç də çətin ola bilməz. Hətta bunun da fərqində olmayanlar heç olmasa nümayişçi Nikolun hakimiyyəti ələ keçirdikdən sonra tamamilə tərsinə döndüyünü, xalqın hesabına, kütlənin gücü ilə hakimiyyətə gəldiyini unudaraq, cəmiyyəti hesaba belə almayaraq, özünü həmin xalqdan və kütlədən fərqli, üstün tərzdə tutduğunu görməklə, necə bir dəyişkənliyə sahib olduğunu, bir buqələmun kimi dəyişkən olduğunu görməli idilər. Amma yenə də gec deyil və hələ də Nikol Paşinyan özünü buqələmun kimi aparmaqda davam edir və bunu müşahidə etmək, görmək, başa düşmək üçün qeyri-adi istedad, qabiliyyət və bacarıq tələb olunmur. Ən azından Vovayeviçin budəfəki Moskva səfərinə nəzər salmaq reallıqları görmək üçün kifayət edir.

İrəvandan basa-basa Moskvaya yollanan Nikolun bu səfərinin nəyə lazım olduğunu onun özündən soruşmaq lazımdır. Hər halda erməni cəmiyyəti özü belə bu sualla ona müraciət etmiş olacaq. Ən azından soruşulacaq ki, əgər danışıqlardan qaçmaq fikri var idisə, niyə Moskvaya uça-uça getmişdi? Həqiqətən də, əgər təkliflərə məhələ belə qoymaq niyyətində deyildisə, onun Rusiyaya yollanması nəyə gərəkirdi? Bəlkə də Paşinyana elə gəlir ki, qeyri-adi nə isə edir və ikiüzlülüyünü, ikili mövqedə olduğunu kimdənsə gizlədə bilir. Belə düşünürsə, sözsüz ki, yanılır, çünki artıq onun haqqında, necə biri olması haqqında əvvəla kifayət qədər məlumat var və bütün dünya dəhyişkənliyinin nə dərəcədə olduğunun da fərqindədir. Adi bir misalla diqqətə çatdırmağa çalışsaq yerinə düşər ki, Nikolun davranışları başını kola dürtüb arxasını çoldə qoyan bir quşu xatırladır. Bəlkə də erməni baş nazir başını hansısa kola soxub və gizləndiyini düşünür və özünü tənhalığın ən ucqar nöqtəsində görür. Amma bu onu heç də məsuliyyətdən, yaxud nədənsə xilas etmir.

Nə yuvanın quşu olduğu, daha doğrusu, haranın buqələmunu olduğu çoxdan bəllidir

Xatırladaq ki, bir vaxtlar, daha dəqiq desək, 2018-ci iln birinci rübündə Nikol Vovayeviç küçə və meydanlarda qışqırmaqdan səsi tutulmuşdu. Elə həmin o tutulan səsi ilə də bəyan etmişdi ki, ölkədəki bütün çatışmazlıqların öhdəsindən gələcək. Artıq çatışmazlıqları, qüsurları aradan qaldırmaq üçün vaxt çoxdan yetişib. Özü nümayişlər zamanı küçədə kütləyə qoşulan, həminki dövrün hakimiyyətindən narazılıqlarına cavab verilməsinin vacibliyini bəyan edən biri hakimiyyət kreslosunu ələ keçirdikdən sonra öz gördüklərini belə qətiyyən etiraf etmək istəmir. Erməni cəmiyyətinə qızıldan dağlar vəd edən Nikol Paşinyan vəd etdiklərinə heç çör-çöp belə vermək niyyətində görünməyəndə artıq bəlli olmalı idi ki, onun hakimiyyəti zamanı hansısa dəstək barədə düşünməyə də dəyməz. Başa düşmək lazım idi ki, erməni baş nazir məhz həmin əyləşdiyi kresloya əyləşə, ən qısa zamanda “nə isə” əldə edə bilirsə, amma vədlərini unudaraq, ancaq özü haqqında düşünürsə, deməli, onunku ikiüzlülükdür. Bu qədər dəyişkənlik isə buqələmun olmaq deməkdir, əks halda, verdiyi vədlərin bircəciyinə əməl edərdi. Heç olmasa xalqının, içindən çıxdığı kütlənin maraqları naminə bircə dənə də olsa addım atardı. Amma biz bunun birinin də şahidi olmuruq və görürüksə ki, həmin erməni baş nazir sadəcə olaraq, bir zamanlar aralarında yer verilən kütləni belə hesaba almır və demokratiya deyilənə də, xalqa da məhəl qoymur və ancaq mənasız səfərlər etməkdən başqa heç nəyə diqqət etmir, deməli, nə yuvanın quşu olduğu, daha doğrusu, haranın buqələmunu olduğu çoxdan bəllidir. Hər halda Qərbin buqələmunu olması qənaətində olanlar daha böyük çoxluq təşkil edərlər. Onun Moskvada sülh gündəliyini yaxına belə buraxmaması, sülh göyərçini donunda bir buqələmun kimi davranmasının artıq nə demək olduğu yəqin ki, aydın olur. Aydın olan odur ki, Nikol Paşinyan sülh göyərçini donunda bir buqələmundan başqa bir şey deyil...