Almaniyada bələdiyyələrin it vergisi gəlirləri 2023-cü ildə 1,6 faiz artıb 421 milyon avroya çataraq rekord vurdu.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) tərəfindən verilən məlumata görə, bələdiyyələr keçən il it sahiblərindən 421 milyon avro vergi toplayıb. Beləliklə, it vergisindəki artım 2022-ci illə müqayisədə 1,6 faizlə rekord səviyyəyə çatıb.
Açıqlamada verginin itlərin sayına və ya cinsinə bağlı olduğu qeyd edilərək "Yüksək vergi gəlirləri bu dördayaqlı ev heyvanlarının sayının artdığı anlamına gəlmir" ifadəsi istifadə olunub. “Dörd ayaqlı bir dost”a sahib olmağın vergi ödənişlərindən kənarda əlavə maliyyət gətirdiyi vurğulanan açıqlamada it və pişik yeməklərinin qiymətlərinin 2023-cü ilə olan hesabla 17 faiz artdığı bildirilib.
Qeyd edək ki, it vergisinin illik məbləği və quruluşu müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Almaniyada it vergisi hər il ödənilir. Ölkədə vergi bəyannaməsi verməyən və ya vergi ödəməyən it sahibləri cərimələnir. Xüsusilə, yeni növ koronavirus (Covid-19) pandemiyası zamanı (2020-2022) Almaniyada daha çox insan it sahibi olmuşdu. Almaniyanın Ev Heyvanları Müəssisələri Birliyi (ZZF) və Ev Heyvanları Sənayesi Birliyi (IVH) tərəfindən aparılan birgə araşdırmaya görə, 2023-cü ildə Almaniyadakı ailələrdə təxminən 10 milyon 500 min it var idi.