Mehmet Şimşək Qətər və Küveytə rəsmi səfər edəcək

9 Oktyabr 2024 19:44 (UTC+04:00)

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək Qətər və Küveytə rəsmi səfər edəcək.
SİA türk saytlarına istinadən xəbər verir ki, Nazirliyin yaydığı bəyanata görə, Mehmet Şimşək bu gün Qətərdə bir sıra görüşlər keçirəcək.

Səfərin ilk dayanacağı paytaxt Doha olacaq. Burada nazir, əvvəlcə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə görüşəcək. Daha sonra o, Qətərin maliyyə naziri Əli bin Əhməd əl-Kevari və Qətər İnvestisiya Təşkilatının (QIA) icraçı direktoru Mənsur bin İbrahim əl-Mahmud ilə bir araya gələcək.

Mehmet Şimşək "Invest in Türkiye" proqramı çərçivəsində investorlarla da müzakirələr aparacaq.

Nazir daha sonra Küveytə gedəcək. Orada o, maliyyə naziri, iqtisadiyyat və investisiyalar üzrə dövlət naziri Nura Süleyman əl-Fəssam, həmçinin Küveyt İnvestisiya Təşkilatının baş direktoru Qənim Süleyman əl-Guneyman ilə görüşəcək.