Qəzza zolağının şimalında 400 min fələstinlinin qapalı qaldığı açıqlanıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini “X” sosial media hesabında verdiyi yazılı açıqlamada İsrail hökumətinin son təxliyə əmrləri ilə insanları yenidən köç etməyə məcbur etdiyini bildirdi.
Qəzza zolağının şimalında 400 min fələstinlinin qapalı qaldığını ifadə edən F.Lazzarini insanların gedəcək təhlükəsiz yerlərinin olmadığını bildiyini vurğuladı. O, bölgədəki insanların yenidən köç etməyi qəbul etmədiyini qeyd edərək "Çünki Qəzzada heç bir yerin təhlükəsiz olmadığını çox yaxşı bilirlər" ifadələrini işlədib.
Bölgənin şimalında əsas ehtiyacların demək olar heç tapılmadığını qeyd edən baş komissar buna görə də aclığın yenidən yayıldığını, dərinləşdiyini söyləyib və əlavə edib: "Bu son hərbi əməliyyat həmçinin uşaqlar üçün nəzərdə tutulan poliomielit kampaniyasının ikinci mərhələsini də təhdid edir. Uşaqlar həmişə olduğu kimi ilk və ən çox əziyyət çəkənlərdir."
Filip Lazzarini Qəzzada təcili atəşkəs çağırışı edib: "Uşaqlar daha yaxşısına və gözəl bir gələcəyə layiqdirlər."