“Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin Moskva sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirmək istəyirdi. Alınmadı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Elxan Şahinoğlu sözlərinə belə davam edib: “Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, üçtərəfli görüşlə bağlı razılıq əldə olunmayıb. Uşakovun sonrakı cümləsi diqqət çəkib: “Üçtərəfli görüşlə bağlı fikir var idi, ancaq bəziləri tərəfindən dəstəklənməyib”.
Uşakov “bəziləri” dedikdə kimi və ya kimləri nəzərdə tutub? Əslində Bakı ilə İrəvan arasında sülh sazişiylə bağlı fikir ayrılığı ortadan qaldırılmadığına görə, görüşə ehtiyac olmayıb. Buna baxmayaraq, İlham Əliyev və Nikol Paşinyan ilin əvvəlində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə üçtərəfli görüş keçirmişdilər. Şoltsdan fərqli olaraq Putində alınmadı. Bu həm də onunla əlaqədardır ki, Bakı və İrəvanın Moskva ilə tərəfdaşlıq münasibətləri olsa da, hər iki tərəf Rusiyanın vasitəçiliyində maraqlı deyil. Doğru olan da budur. Məsələlərin həlli birbaşa danışıqlardan keçir”.
Ayşən Vəli