Paytaxt ərazisində fəaliyyət göstərən avtobuslarda gedişhaqqının neçə yaşa qədər ödənişsiz olması ilə bağlı müəyyən problemlər yaşanır. Belə ki, gedişhaqqı bəzi avtobuslarda 5 yaşdan yuxarı şəxslərə aid edilsə də, bəzilərində isə bu, 7 yaşdan yuxarı insanlar üçün tələb olunur. Nəzərə almalıyıq ki, qeyd olunan yaşlardan artıq uşaqlar məktəbə gedirlər və əksər hallarda hər gün avtobuslardan istifadə edirlər. Dünya təcrübəsində isə müxtəlif ölkələrdə məktəblilər üçün ümumiyyətlə gedişhaqqı tələb olunmur və ya güzəştlər olunur. Ölkəmizdə isə bu cür güzəştlərin tələbələrə edilməsi gözlənilir. Lakin həmin güzəştə şagirdlərin daha çox ehtiyacı olduğu aşkardır. Çünki gün ərzində məktəblə yanaşı, bir neçə repetitor yanına da getməli olurlar.
SİA mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədovun fikirlərini öyrənib.
O bildirib ki, bəzi inkişaf etmiş və inkişaf etməkdə olan Avropa ölkələrində məktəblilər üçün tamamilə ödənişsiz avtobuslar mövcuddur: "Həmin avtobuslar ictimai nəqliyyat növü kimi hesab olunmur, məhz məktəblilərin daşınmasında istifadə edilir.
Azərbaycan qanunvericiliyində isə konkret olaraq qeyd olunan yaşdan etibarən ictimai nəqliyyatda gedişhaqqının ödənilməsi nəzərdə tutulur. Lakin dünya təcrübəsinin öyrənilməsi və məktəblilərin gedişhaqqından azad edilməsi məsələsi də gündəmə gətirilə bilər".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik.
Qurumdan SİA-nın sorğusuna cavab olaraq bildirilib: "Avtomobil nəqliyyatı haqqında" Qanununun müvafiq müddəasına əsasən, sərnişinlərin müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında gedişhaqqı ödəmədən 5 yaşa qədər uşaqları özü ilə aparmaq hüququ var və qayda hər kəs üçün keçərlidir".