Perunun Lima şəhərində keçirilən gənclər arasında dünya çempionatında uğurlu çıxış etmiş Azərbaycan atıcıları Vətənə qayıdıblar. SİA xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Atıcılıq Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Xatırladaq ki, Azərbaycan atıcıları mundialı 3 medalla başa vurublar. 50 metr məsafəyə atəş açmada oğlanlar arasında İmran Qarayev 552 xalla Rumıniya təmsilçisini geridə qoyaraq dünya çempionu olub, qızlardan Sofiya Barxalova (535 xal) bürünc mükafata yiyələnib.
Komandalar arasında keçirilən yarışda isə Zeynəb Sultanova, Leyli Əliyeva və S.Barxalovadan ibarət kollektiv 10 metr məsafəyə pnevmatik tapançadan atəşdə yalnız Hindistan komandasından geri qalaraq gümüş medala layiq görülüb.