Klopp özünə iş tapıb

9 Oktyabr 2024 13:17 (UTC+04:00)

"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp özünə iş tapıb. SİA "Sky Sports"a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis "Red Bull"un idman klubunda futbol departamentinin rəhbəri olacaq.

Klopp brendə məxsus "Leypsiq", "Zalsburq", "Nyu-York Red Bulls" klublarının, həmçinin Braziliya və Yaponiyadakı iki komandanın inkişaf strategiyasına cavabdeh olacaq. Artıq Kloppla uzunmüddətli müqavilənin bağlandığı qeyd edilir.

O, vəzifəsinin icrasına 2025-ci il yanvarın 1-dən başlayacaq və Almaniya millisinin baş məşqçisi postuna dəvət ediləcəyi təqdirdə müqaviləni pozmaq opsiyasına malik olacaq.

Qeyd edək ki, Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edirdi. Ötən mövsümün sonunda məşqçilik karyerasına fasilə vermək qərarına gəlib.