Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ərazisi işğaldan azad edilmiş rayonlardan olan və bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanan bir qrup gənclə görüşüb. Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda təhsilin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri xatırladılaraq, Prezident İlham Əliyevin bu sahədə mükəmməl dövlət siyasəti həyata keçirdiyi bildirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da gənclərin özünü inkişafla bağlı proqram və layihələrin icrasına xüsusi diqqət ayırdığı vurğulanıb.
Vətən müharibəsində qazanılan tarixi Zəfərdə gənclərimizin rolunun böyük olduğu və onların Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişdiyi böyük məmnunluq hissi ilə qeyd olunub. Böyük Qayıdış mərhələsində də gənclərimizin üzərinə mühüm vəzifələr düşdüyü, işğaldan azad olunmuş ərazilərin abadlaşdırılmasında və müasir yaşayış məkanına çevrilməsində onların fəal iştirakının vacibliyi diqqətə çatdırılıb.
Bir müddət öncə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzura təşkil etdiyi infoturun iştirakçısı olmuş tələbələr bu maraqlı səfər barədə təəssüratlarını bölüşüb, ali təhsil dövründə qarşılarına qoyduqları məqsədlər barədə danışıblar. Onlar doğma yurd yerlərimizdə aparılan bərpa-quruculuq işlərinin şahidi olduqlarını, gələcəkdə öz bilik və bacarıqlarını ölkəmizin, o cümlədən qəhrəman şəhidlərimizin və qazilərimizin qanı bahasına işğaldan qurtarılmış torpaqlarımızın inkişafına sərf edəcəklərini bildiriblər.
Tələbələr dövlətimizin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndiriblər, yaradılan imkanlara görə ölkə rəhbərinə minnətdarlıq ifadə ediblər.
Dövlət Komitəsinin sədri görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.