ABŞ Milli Meteoroloji Xidməti xəbərdarlıq edib ki, Meksika körfəzindən güclənən və Florida ştatına yaxınlaşan "Milton" qasırğası son 100 ilin “ən güclüsü” ola bilər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, federal və yerli hakimiyyət orqanları Florida sahillərinə doğru hərəkət edən və sürəti saatda 230 kilometrə çatan "Milton" qasırğası barədə xəbərdarlıq etməyə davam edir.
ABŞ Milli Meteoroloji Xidmətinin bəyanatında deyilir: "Əgər "Milton" öz kursunu davam etdirsə, bu, Tampa körfəzinə son 100 ildə vuran ən güclü qasırğa olacaq".
Açıqlamada, qasırğadan ən çox təsirlənəcək bölgələrin 3-4,5 metrə qədər su altında qala biləcəyi və böyük okean dalğalarına səbəb ola biləcəyi bildirilib.
Florida qubernatoru Ron DeSantis son açıqlamasında bildirib ki, əyalət hökuməti "Milton" qasırğasının nəticələrinin aradan qaldırılması üçün "görünməmiş resurslar ayırıb", eyni zamanda sakinləri "evakuasiya əmrlərinə tabe olmaları" ilə bağlı xəbərdarlıq etməyə davam edir.
Hava bürosu "The Wheater Channel", qasırğanın çərşənbə gecəsi gec və ya cümə axşamı səhər ABŞ materikinə çatacağını və Florida ştatının Tampa, Sarasota və Fort Myers kimi yaşayış məntəqələri də daxil olmaqla, sıx məskunlaşan ərazilərinə təsir edəcəyini bildirib.
Milli Qasırğa Mərkəzi, "Milton" qasırğasının Meksika körfəzində "sürətlə güclənməyə davam etdiyi" və nəhayət bir səviyyədə yavaşladığı, 4-cü kateqoriyaya enərək Florida sahillərinə doğru yoluna davam etdiyi barədə məlumat paylaşıb.