Tennis necə yarandı?

8 Oktyabr 2024 22:54 (UTC+04:00)

Dünyada milyonlarla insanın marağını cəlb edən bir çox idman növü mövcuddur. Ən məşhur və kütlələri həyəcanlandıranı isə şübhəsiz ki, futboldur. Xüsusilə, milli komandalar və ya klublar səviyyəsində keçirilən beynəlxalq futbol turnirləri minlərlə azarkeşin stadionlarda, milyonlarla tamaşaçının isə ekran qarşısında maraqla izlədiyi tədbirlərdir. Lakin bəzi xüsusi idman növləri maraqlı olub-olmamasına baxmayaraq, bir çox idmansevərin həyatına rəng qata bilir. Bunlardan biri də tennisdir. Tək və ya cüt olaraq oynanılan, oyunçuların performansına görə gərgin və bir o qədər də əyləncəli anlara səhnə olan tennis idmanının tarixi insanlığın ilk dövrlərinə qədər gedib çıxır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, tam olaraq mənşəyi bilinməsə də, antik Roma dövründə əllə və ya əlcək vasitəsilə oynanan və “trigon” adlanan oyunun tennisin başlanğıcı olduğu qeyd edilir. Digər bir iddia isə həm qədim Misir və Yunan sivilizasiyaları dövründə həm də Meksikada Toltek yerlilərinin yaşadığı dövrdə tennisə bənzər oyunların mövcud olduğudur. Ancaq ümumiyyətlə idman tarixçilərinin tennisin ilk kəşfi kimi razılaşdığı bir dövr var, o da XIII əsrdir. Həmin dövrdə əsasən kral və aristokratların əyləncəsi olan “əl oyunları” tennisin müasir dövrdəki ilk forması kimi qəbul edilir. Başlanğıcda əllə oynanılan bu oyuna zamanla raketə bənzər alətlər əlavə olunmağa başlamışdır, lakin qaydaları XIX əsrdə və İngiltərədə müəyyənləşmişdir.

Müasir mənada tennisin yaranmasına ingilislərin milli oyunu sayılan kriket və vulkanizasiya olunmuş kauçuk, yəni bildiyimiz adı ilə rezin topun kəşfi kömək etmişdir. İngilis ordusunda zabit olan mayor Uolter Klopton Vinqfild kriketdən ilhamlanaraq oyunda topu qarşılayan zaman raket istifadəsini təklif edir və beləliklə, ilk çəmənlik tennisini icad edən şəxs kimi tanınır. Lakin Vinqfild ilk təcrübələrində texniki problemlə qarşılaşmışdır. İlk dövrlərində tennisdə istifadə olunan sadə toplar çəmən üzərində kifayət qədər sıçramır, onu qarşılayıb tor üzərindən keçirmək isə olduqca çətin olurdu. Tennis topu istehsalında istifadə edə biləcəyi yeni bir material axtaran Vinqfild çarəni Almaniyada tapmış və oradan xüsusi olaraq gətirdiyi rezin toplardan istifadə edərək tennis idmanında yeni bir dövrün qapısını açmışdır. Rezin tennis topu və torlarının satışına da başlayan Vinqfild yeni oyununun ilk qaydalarını əks etdirən kitabça yazmış və "Sphairistike" adı ilə patentini almışdır. Qaydaları dəqiqləşdirilən tennis ingilislər arasında qısa müddətdə populyar idman növü halına gəlmiş və 1877-ci ildə Uimbledonda 22 iştirakçının qatıldığı ilk tennis çempionatı təşkil edilmişdir.

Günümüzdə Beynəlxalq Tennis Federasiyasının müxtəlif ölkələrdə təşkil etdiyi turnirlər bu idman növünə maraq göstərən idmançılar və azarkeşləri tennis kortlarında bir araya gətirir. Tək və ya cüt olaraq oynanılan 4 böyük turnir isə tennisin zirvəsi olaraq qəbul edilir. İstər kişi, istərsə də qadın idmançılar Fransa Roland Qarros, ABŞ və Avstraliya Açıq Turnirləri ilə yanaşı təxminən 150 ildir çəmən kortlarda keçirilən Uimbledon Tennis Turnirində çempion olmağın, Qrand Slam qazanmağın xəyalını qururlar. Kortların tribunalarında minlərlə, ekran qarşısında isə milyonlarla tamaşaçının gözlərini bir an belə ayırmadan izlədiyi tennis kriket və rezin topun yardımı ilə təsadüfi bir kəşfdən daha çox fərdi mübarizə, intizam və əzmin insanı hara qədər apara biləcəyini göstərməsi baxımından həyatımıza rəng və mənalar qatan bir oyundur. Bu oyunun zirvəsində olanlar isə təkcə tennis deyil, idman tarixinə də adlarını qızıl hərflərlə yazdırmışlar.