Avropa İttifaqının Ukraynadakı müharibəyə görə sanksiyaları Rusiyanın ağac emalı sənayesinə ağır zərbə vurub.
SİA-nın əldə etdiyi məlumata görə, 2024-cü ildə rus istehsalçıları xaricə təxminən 20,7 milyon kubmetr taxta-şalban satacaqlar ki, bu da ki, 2021-ci ildəkindən 32 faiz azdır.
Bu, “Strategy Partners” konsaltinq şirkətinin hesablamalarında göstərilib.
Deməli, ötən illə müqayisədə ixrac 1 milyon kubmetr az olacaq.
Bu, digər şeylərlə yanaşı, Avropa İttifaqı ölkələrinə idxal qadağasından sonra Rusiyadan taxta-şalbanın əsas alıcısına çevrilən Çinə tədarükün “cüzi azalma”sı ilə bağlıdır.
Belə ki, “Strategy Partners” şirkətinin məlumatına görə, yanvar-avqust aylarında Rusiya istehsalçıları Çin bazarına 7,8 milyon kubmetr taxta materialı tədarük ediblər ki, bu da illik müqayisədə 2 faiz azdır.
“Strategy Partners” təşkilatının qiymətləndirməsinə görə, Özbəkistan ilin sonunda Rusiya taxta-şalbanının ikinci ən böyük idxalçısı olaraq qalacaq. Üçüncü əsas bazar Avrasiya İqtisadi İttifaqı ölkələri (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya) olacaq. Onları Türkiyə izləyir.
Analitiklər qeyd edirlər ki, MDB və MENA ölkələrinə (Yaxın Şərq - Şimali Afrika) daşınmaların getdikcə artmasına baxmayaraq, Rusiya ixracının dinamikası Çin bazarındakı tələb və qiymətlərlə müəyyən edilir.
Qeyd edək ki, Rusiya ağac sənayesi müəssisələri xaricə əsasən tikintidə istifadə olunan iynəyarpaqlı ağaclardan hazırlanmış lövhələr və tirlər tədarük edir.
...Necə deyyərlər, işin tərsliyindən, bu arada Çində daşınmaz əmlak sektorunda böhran davam edir.
...Xatırladaq ki, Avropa İttifaqı 2022-ci ilin aprelində Rusiyadan meşə məhsullarının idxalına qadağa qoyub. Bu, Ukraynadakı müharibə ilə əlaqədar beşinci sanksiyalar paketinin bir hissəsi kimi elan edilib. Məhdudiyyətlərə taxta-şalban, taxta əsaslı panellər, kontrplak, kağız və karton, həmçinin meşə sənayesi üçün dəzgah məhsulları daxildir.
Əli Babayev