Livanda 17 sentyabrdan bu yana səhiyyə sisteminə edilən 16 hücum nəticəsində 65 tibb işçisi həyatını itirib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Livan üzrə rəsmisi Yan Klark BMT-nin Cenevrədəki ofisində keçirilən həftəlik mətbuat konfransına onlayn qaydada qatılaraq, artan zorakılığın səhiyyə sisteminə təsirindən narahat olduğunu bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
O, sentyabrın 17-dən etibarən Livanda səhiyyə sisteminə qarşı edilən hücumların 65 tibb işçisinin ölümünə və 40 nəfərin yaralanmasına səbəb olduğunu qeyd edib. Eyni zamanda, Livanın cənubunda artan hücumlar nəticəsində 96 sağlamlıq mərkəzinin bağlandığını, 5 xəstəxananın isə fəaliyyətini dayandırdığını vurğulayıb.
Yan Klark bölgədəki 4 xəstəxananın qismən boşaldıldığını bildirərək deyib: "Təcili yardım xidmətləri çox məhdud imkanlarla da olsa fəaliyyətini davam etdirir. Xəstələr, o cümlədən kritik dializ və xərçəng xəstələri başqa xəstəxanalara köçürüldü".
Köçkünlərin sayının sürətlə artdığını vurğulayan Yan Klark bu insanların epidemik xəstəliklərə tutulma riski ilə üzləşdiyini ifadə edib. Livanın səhiyyə sisteminin illərdir iqtisadi və siyasi qeyri-sabitlikdən təsirləndiyini xatırladan Yan Klark bütün bu hadisələrin sağlamlıqla bağlı problemləri daha da dərinləşdirdiyini bildirib.
Yan Klark yaşanan çətinliklərə baxmayaraq, ÜST-nin Livan Səhiyyə Nazirliyi ilə koordinasiyalı şəkildə hərəkət etdiyini və onlara dəstək verdiyini vurğulayıb.