"Bu yaxınlara qədər uşaqların kütləvi olaraq müxtəlif xəstəliklərə tutulması qeyd olunurdu". Bu sözləri SİA-ya açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O bildirib ki, xüsusilə də, qızılcaya tutulma halları daha çox idi: "Bu onunla bağlı idi ki, uzun müddət valideynlər milli peyvənd təqvimi ilə uşaqların peyvəndlənməsindən çəkiniblər. Bu peyvənd haqqında gedən kampaniya bu gün Dünya Səhiyyə Təşkilatının insan sağlamlığını təhdid edən on amildən biri kimi qeydə alınıb. İnsanlar həmişə bu cür əks təbliğata meyilli olurlar. Vaksin əleyhinə təbliğata çox asanlıqla uyurlar. Əgər vaksin olmasaydı, bəlkə də yer kürəsi əhalisinin yarısından çoxu yox idi. Ona görə də valideynlər bir müddət bu təqvimdən yayınıblar. Müxtəlif virus infeksiyalarını, 13 adda infeksiyanın, hansı ki, uşaqlar arasında kütləvi xəstələnmələrə, ölüm hallarına gətirib çıxarır, onlardan qorumaq üçün 13 adda milli peyvənd təqvimi ilə Dünya Səhiyyə Təşkilatının təyin etdiyi peyvənd proqramı var.
Uzun müddət, təəssüflər olsun ki, bu proqramdan çəkinmişik. Xüsusilə də, valideynlərin məsuliyyətsizliyi ucbatından, bəzən də səhiyyə təşkilatçılarının məsuliyyətsizliyi ucbatından riayət etməmişik. Nəticədə də bu nəticəni yaşayırıq. Məsələn, qızılca əleyhinə vaksin var ki, valideynlər onu etməyiblər. Sonra kütləvi xəstələnmə olanda qızılcadan xeyli uşaq itirdik. Hamı əl-ayağa düşür, başlayır peyvənd axtarmağa. Ona görə hesab edirəm ki, bu milli peyvənd təqvimi ilə uşaqları peyvənd etsək, uzun müddət uşaqlarda müxtəlif xəstəliklər də olmaz. Nəzərə alaq ki, kombina olunmuş 13 adda peyvənd digər infeksiyalara qarşı da immun sistemini xeyli formada saxlayır".
"Koksaki virusu da uşaqlar arasında ağız içində, beldə, digər yerlərdə müxtəlif səpkilərlə xarakterizə olunan xəstəlikdir. Xəstəlik diqqət etmədikdə ağırlaşa bilər, bu da uşaqlar arasında xeyli diskomfort yarada bilər. Bütün bu situasiyadan çıxış yolu valideynlərin diqqətli olması, maarifləndirmənin diqqətlə aparılmasıdır. Maarifləndirmə aparılmadan insanlar bu işlərdə şayiələrə uymağa başlayırlar. Maarifləndirmə apararaq insanları başa salmaq, peyvəndin önəmini onlara anlatmaq çox vacibdir. Düşünürəm ki, əgər bu proseslər getsə, biz bu narahat mənzərədən də qurtula bilərik" - deyə o, əlavə edib.