"Mədə balonunun mayeli, havalı və udulabilən növləri vardır". Bu sözləri SİA-ya açıqlamasında həkim qastroenteroloq-hepatoloq Şahnaz Atayeva deyib.
O bildirib ki, hər üçünün prinsipi eynidir, sadəcə yerləşdirilmə texnikası fərqlidir: "Mədə balonu BKM(bədən kütlə indeksi) 27-dən yüksək olan, pəhriz və aktiv həyat tərzi ilə arıqlaya bilməyən şəxslərə tətbiq olunur. Balon yerləşdirmək üçün xəstənin 6-8 saat ac və susuz olması gərəklidir.
Qastroskopiya müayinəsində hər hansı xora, yara və böyük ölçülü diafraqmal yırtıq yoxdursa, o zaman balon yerləşdirə bilərik. Balonun yerləşdirilməsində hər hansı risk yoxdur, 10 dəqiqəlik prosedurdur, xəstə 1 saat nəzarətdə qaldıqdan sonra normal həyat şəraitinə davam edə bilir.
Mayeli mədə balonunu 6 ay sonra endoskopik yolla çıxarırıq. Udulabilən mədə balonunda endoskopik yerləşdirməyə gərək yoxdur. Xəstə kapsul halında balonu udur, rentgen nəzarəti ilə balonun mədədə olduğundan əmin olduqdan sonra balonu şişiririk. Kapsul mədə balonlarını endoskopik olaraq da çıxarmağa gərək yoxdur, 4 ay sonra özü nəcis vasitəsi ilə xaric olur. Mədə balonu FDA tərəfindən təstiqlənmiş, güvənilir arıqlama üsülüdur.
Xəstələrin balon qoyduqdan sonra da xüsusi qidalanma rejiminə və aktiv həyat tərzinə əməl etmələri gərəklidir. Bu yolla həm çəkilərinin 10-20%-ni ata bilərlər, həm də normal qidalanma rejiminə alışaraq eyni çəkidə qala bilərlər".