Ermənistan Azərbaycanla həqiqətən də sülh sazişi imzalamaq istəyirsə… - MÜNASİBƏT BİLDİRİLDİ

8 Oktyabr 2024 16:00 (UTC+04:00)

“Vətən müharibəsinin başlanmasının ilk saatlarından Azərbaycan Ordusuna müqavimət göstərməkdə çətinlik çəkən işğalçı Ermənistan ən çirkin, ən ləyaqətsiz addımlardan belə çəkinmirdi. Onların arasında Gəncə və Bərdə şəhərləri kimi əhalinin sıx yaşadığı məntəqələri atəşə tutmaq Ermənistan ordusunun, onun hərbi siyasi rəhbərliyinin döyüş əməliyyatları teatrında acizliyindən irəli gələn ləyaqətsiz və şərəfsiz addımlar idi”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət verdiyev deyib.

Onun sözlərinə görə, bu gün Gəncənin ikinci dəfə atəşə tutulmasından artıq 4 il keçir: “Amma əfsuslar olsun ki, bu bombardmanları, taktiki raket zərbələrini həyata keçirənlərin bir hissəsi hələ də Ermənistanda və cəzasızlıq mühitində fəaliyyət göstərməkdə davam edirlər.

Bu raketlərin əksəriyyəti Ermənistan ərazisindən atılıb və bu raketlərin atılmasına da göstəriş verənlər Ermənistan rəhbərliyinə çox yaxşı məlumdur”.

Ədalət Verdiyev sözlərinə belə davam edib: “Ermənistan Azərbaycanla həqiqətən də sülh sazişi imzalamaq istəyirsə və sülh şəraitində yaşamaq istəyirsə, o zaman Ermənistan Xocalı qətliamını digər ərazilərdə törətdiyi hərbi və müharibə cinayətlərinə görə müvafiq beynəlxalq hüquqa uyğun addımlar atmalıdır.

Ermənistan və onun havadarları birdəfəlik anlamalıdırlar ki, onların Azərbaycanın mülki əhalisi arasında xof yaratmaq, onları Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək niyyətindən çəkindirmək üçün atdığı addımlar heç bir zaman effekt verməyib və bundan sonra da effekt verməyəcək.

Azərbaycan hərbi və müharibə cinayətləri törədən işğalçı Ermənistanın cavabını daim döyüş əməliyyatlar teatrında verib və bu Ermənistan üçün daha böyük itkilərdir”.

Ayşən Vəli