Mərkəzi Gömrük Hospitalının ən müasir avadanlıqlarla təchiz edilmiş Fizioterapiya və tibbi reabilitasiya şöbəsində yüksəkixtisaslı tibb personalı yeni müalicə metodları ilə fizioterapevtik prosedurları təqdim edir. SİA xəbər verir ki, şöbədə sinir sistemi, Parkinson xəstəliyi, üz iflicinin, beyin və onurğa beyni zədələrinin, bel, boyun, çiyin nahiyəsində ağrılar, yırtıq, insult, skolioz, uşaqlarda lordoz, bütün növ əzələ xəstəliklərinin, sümük xəstəliklərinin, nevroloji, yaşa bağlı ortopedik xəstəliklərin müalicəsi uğurla həyata keçirilir.
Dünyanın bir sıra aparıcı ölkələrində tibbi təhsil almış şöbənin yüksəkixtisaslı tibb personalı tərəfindən ultrasəs, kombinə elektroterapiyası, elektroforez, endopress, elektrostimulyasiya, qısa dalğa, lazer, traksiya, maqnitoterapiya, balneoterapiya, osteopatiya, tibbi masaj, manual terapiya, detoksikasiya, biorezonans, limfodrenaj və zərbə dalğa terapiyası kimi prosedurlar icra edilir.
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində 2024-cü ilin sentyabr ayından etibarən PREMIUM seriyalı yeni BTL-4825 SL cihazları pasiyentlərin istifadəsinə verilib. PREMIUM seriyalı 2 ədəd BTL-4825 SL cihazları ideal parametrlərə malik olub, çox perspektivli, innovativ kombinə edilmiş fizioterapiya sistemləridir. Bu cihazlar cərəyanların geniş spektri ilə iki kanallı elektroterapiyanı, ultrasəs və lazer terapiyasını təmin edir.
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Dr. Səidə Kərimova və fizioterapevt-reabilitoloq Afət Çəndirli xəstəliklərə uyğun olaraq müalicə prosedurlarını təyin edirlər. Şöbəsinin peşəkar tibb personalı hər bir xəstəyə fərdi yanaşır. Onların məqsədi müalicədən sonra xəstəliyin növündən və dərəcəsindən asılı olaraq istənilən nəticəni əldə etməkdir.
Müasir dünyada ən çox yayılan xəstəliklərdən biri də onurğa sütununun əyilməsi ilə əlaqədar olan skolioz xəstəliyidir. Bu xəstəlik həm erkən yaşlarda, həm də oturaq həyat tərzi keçirən gənc və yaşlı insanlarda dayaq hərəkət sistemində, onurğa sütununda problemlər yaradır. Fizioterapiya şöbəsində skoliozun dərəcəsi imkan verirsə, mümkün qədər əməliyyatsız müalicə edilir. Əsas müalicə üsulu Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə geniş istifadə olunan alman mütəxəssisi Katarina Schroth tərəfindən hazırlanmış Schroth üsulu ilə müalicədir. Bu müalicə metodunda 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə edilir.
Müalicədən əvvəl həkimlər hərtərəfli müayinələr aparır, müasir diaqnostik avadanlıqların köməyi ilə pasiyentin xəstəliyin düzgün diaqnozu və qiymətləndirilməsi qısa bir müddətdə həyata keçirilir. Müalicə prosedurları pasiyentləri ağrılardan xilas etməklə yanaşı, ağrıya səbəb olan amilləri də aradan qaldırır. Cərrahi müdaxilə tələb edən xəstəliklərdə ağrıkəsicilərə ehtiyac azalır, hərəkətlilik artır, terapevtik yaxşılaşma müşahidə olunur, hərəkət pozğunluqları, əzələ və sümük zəifliyi, insult sonrası pozğunluqlar və beyin zədələri fiziki müalicə ilə aradan qaldırılır.
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində aparılan müalicələr klinik protokollara uyğun kompleks şəkildə, müasir fizioterapiyanın ən yeni metodları vasitəsi ilə həyata keçirilir.