Hollandiyada muzey işçisi sərgidə nümayiş etdirilən “içki qablarını” təsadüfən atıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiyadakı "LAM" muzeyinin yeni işçisi fransız rəssam Alexandre Lavetin “All The Good Times We Spent Together” adlı əsərini ilk baxışdan atılmış və əzilmiş kimi görünən içki qablarının əslində sənət əsərləri olduğunun fərqinə varmadan kənara atıb.
Muzeyin sözçüsü Froukje Buddinq əsərlərin tez-tez qeyri-adi yerlərdə sərgiləndiyini, ziyarətçiləri təəccübləndirdiyini izah edərək, sözügedən əsərin bu səbəbdən liftdə sərgiləndiyini bildirib. Muzeydən verilən açıqlamada deyilib: “Kurator (muzey müdiri) qutuların əskik olduğunu görəndə geniş axtarışlara başlanılıb. Kurator "Elisah van den Bergh" nəhayət sənət əsərini tullanmağa hazır bir zibil torbasında tapıb. Möcüzə nəticəsində hər iki qutu bütöv tapılıb. Onlar təmizlənərək muzeyin girişindəki müvəqqəti fəxri yerə qoyulub və indi burada ənənəvi postamentdə nümayiş etdirilir”.