İcbari tibbi sığorta ilə qarşılanan laborator və funksional diaqnostik müayinələr açıqlanıb. SİA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, icbari tibbi sığorta infeksion xəstəliklərin erkən diaqnostikasını təmin edir. Həmçinin icbari tibbi sığorta çərçivəsində bakterial, virus, göbələk və parazitar infeksiyaların aşkarlanması məqsədilə müxtəlif laborator müayinələr həyata keçirilir. Bu müayinələr xəstəliyə səbəb olan mikroorqanizmlərin növünü dəqiq şəkildə müəyyən edir.
"İnfeksion xəstəliklərin diaqnostikasında kompüter tomoqrafiyası (KT) və rentgen müayinələri mühüm yer tutur. Xüsusilə, tənəffüs yolları infeksiyalarında, bu metodlar ağciyərlərdə yaranan patologiyaların, o cümlədən pnevmoniya kimi ağırlaşmaların vaxtında aşkarlanmasına kömək edir. KT müayinəsi orqanların strukturunu detallı şəkildə göstərir, iltihabi proseslərin və digər xəstəlik əlamətlərinin dəqiq lokalizasiyasını təmin edir. Rentgen müayinəsi isə tənəffüs yollarının zədələnməsi dərəcəsini qiymətləndirmək və orqanizmdə inkişaf edən infeksiyaların təsirini aşkar etmək üçün geniş istifadə olunur. Bu diaqnostik vasitələr sayəsində dəqiq diaqnozun qoyulması müalicə prosesini sürətləndirməyə imkan yaradır" , - məlumatda deyilir.
Vurğulanıb ki, icbari tibbi sığorta hesabına qarşılanan antigen və antikor testləri xüsusilə Hepatit B, Hepatit C, İİV (İnsanın İmmunçatışmazlığı Virusu) və digər qan yolu ilə keçən infeksiyaların diaqnostikasında mühüm rol oynayır: "Antigen testləri infeksiyaya səbəb olan mikroorqanizmlərin spesifik zülallarını aşkarlayaraq xəstəliyin mövcudluğunu təsdiqləyir. Antikor testləri isə orqanizmin həmin infeksiyaya qarşı yaratdığı immun cavabı müəyyən edir. Bu da xəstəliyin keçmişdə baş verdiyini və ya hazırda aktiv fazada olub-olmadığını göstərir".
Qeyd edək ki, İcbari tibbi sığorta ilə qarşılanan bu tibbi xidmətlər tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin elmi-tədqiqаt institutlarında və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrində icra olunur.