DİM xanımları işə dəvət edir

8 Oktyabr 2024 11:36 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) imtahan binalarına buraxılış rejimini həyata keçirən xanım əməkdaşların cəlb olunması məqsədilə namizədlərin elektron qeydiyyatına başlayır. SİA xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda təhlükəsizliyin artırılması məqsədilə buraxılış rejimini aparan əməkdaşların fəaliyyətinin təkmilləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və şəffaflığın artırılması istiqamətində davamlı işlər aparılır.

Mərkəz görülmüş işlərin tərkib hissəsi olaraq müxtəlif peşə sahələrində çalışan ictimaiyyətin nümayəndələrinin imtahan prosesində buraxılış rejimini aparan əməkdaş qismində cəlb edilməsi üçün 8 oktyabr 2024-cü il tarixindən etibarən elektron qeydiyyata başlayır.

Qeydiyyat 20 noyabr 2024-cü il saat 10:00-dək davam edəcək.

Qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali və ya orta ixtisas təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hal-hazırda rəsmi işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), yaşı 21-40 arasında olan, həmçinin fiziki və psixoloji cəhətdən sağlam olan qadın əməkdaşlar müraciət edə bilərlər. Zal nəzarətçisi kimi qeydiyyatdan keçən şəxslərin buraxılış rejimi əməkdaşı qismində iştirakına icazə verilmir.

Qeydiyyat üçün ilk olaraq namizədlər Dövlət İmtahan Mərkəzinin dim.gov.az səhifəsinə daxil olaraq “Şəxsi kabinet”ə keçid etməli və yeni şəxsi kabinet (Öncədən şəxsi kabineti olan şəxslər həmin kabinetin parolundan istifadə etməlidir) yaradılmalıdır. Daha sonra buradan qeydiyyatdan keçməlidirlər. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir.

Namizədlər qeydiyyatdan keçdikdən sonra təsdiq olunmuş qeydiyyat vərəqini çap edərək imzalamalı və aşağıdakı sənədləri də əlavə edərək e-poçtuna və ya mobil telefon nömrəsinə göndərilən bildirişdə qeyd olunan tarixdə Bakı şəhəri üzrə DİM-in baş ofisinə (Ak.Həsən Əliyev küçəsi 299), regionlarda isə müvafiq olaraq DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şəmkir və Şirvan Regional Bölmələrinə şəxsən müraciət etməlidirlər.

Müsahibəyə gələrkən təqdim olunması tələb olunan sənədlər:

Təsdiq edildikdən sonra çap olunaraq imzalanmış qeydiyyat anketi;

Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

Ali və ya orta ixtisas təhsil haqqında sənəd (diplom) və surəti;

İş yeri haqqında arayış (İş yeri olduğu təqdirdə);

Məhkumluğun olmaması barədə arayış;

Bank rekvizitlərini təsdiq edici sənəd (Rekvizitlər bank tərəfindən çap olunmalı və təsdiqlənməlidir).

Qeydiyyatdan uğurla keçən namizəd DİM-ə dəvət olunaraq sənədləri yoxlanır və fəaliyyət sahəsinə uyğun təhsili, iş təcrübəsi, fiziki- psixoloji sağlamlığı və s. dəqiqləşdirilməsi ilə bağlı ilkin müsahibədən keçirilir.

Müsahibədən uğurla keçən namizədlər müvafiq təlimlərə cəlb olunacaqdır.

Hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda buraxılış rejiminin aparılmasında iştirak edən və 46 yaşı tamam olmayan xanımlar da qeyd olunan müddətdə (20 noyabr 2024-cü il, saat 10:00-dək) elektron qaydada mövcud anketlərini yeniləyərək imzalamalı və Dövlət İmtahan Mərkəzinə təqdim etməlidir. Anketdə əks olunmuş şəxsi məlumatların hər hansında dəyişiklik olarsa dəyişikliyi təsdiq edici sənəd anketlə birlikdə təqdim olunmalıdır.

Elektron qeydiyyatla bağlı suallarınız yaranarsa, Mərkəzin baş ofisinə (Çağrı mərkəzi 1653 ) və ya regional bölmə mərkəzlərinə müraciət edə bilərsiniz.

Buraxılış rejimini aparan əməkdaşa dair tələblər və onun vəzifələri

“Şəxsi kabinet”in yaradılması və istifadə qaydası

Anketin doldurulması qaydası