GƏNCƏ TERRORU: Erməni faşizminin siması TƏHLİL

8 Oktyabr 2024 11:36 (UTC+04:00)

PREZİDENT İLHAM ƏLİYEV: "Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir"

İnsanı insan edən, onu digər canlılardan fərqləndirən yaddaşdır. Yaddaş tarixi məkanda və tarixi zamanda insan mənliyinin, insanda insanlığın atributudur. Manqurtlaşma, anadangəlmə irsi amneziya təhlükəsi də məhz yaddaşın olmadığı şəraitdə özünü büruzə verir. Bu erməni deyilən manqurtlaşmış cinayətkarlara məxsusdur.

Bəli, manqurtlaşmış insanlıqdan uzaq olan erməni faşizminin Vətən müharibəsi dövründə Gəncə şəhərinin ilk raket hücumuna məruz qalmasından 4 il ötür.

2020-ci il oktyabrın 4-də, saat 10 radələrində Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Cenevrə Konvensiyasının tələbləri pozulmaqla, cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub. Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə, bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

Burada xüsusilə xatırlatmaq yerinə düşər ki, sentyabrın 27-dən başlayan müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan ordusu onun rəhbərliyinin, o cümlədən, Baş nazir Nikol Paşinyanın ağ bayraq qaldırmasından, onun dünya liderlərinə yalvarmasının nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında humanitar məqsədli müddətli atəşkəs rejiminin bərqərar olmasından sonra bu addımı atdı.

ERMƏNİSTANIN HƏRBİ-SİYASİ RƏHBƏRLİYİ BƏŞƏRİ DƏYƏRLƏRİ, HUMANİZM PRİNSİPLƏRİNİ AYAQLAR ALTINA ATIR

İşğalçı Ermənistan hər zaman olduğu kimi, bu dəfə də öz yırtıcı, insanlıq əleyhinə cinayətlərini davam etdirir. Düşmən ölkənin silahlı qüvvələri həm cəbhə bölgəsinə yaxın, həm də cəbhə bölgəsindən uzaqda yerləşən rayon və şəhərləri, yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Bununla da Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəri dəyərləri, humanizm prinsiplərini ayaqlar altına atır, beynəlxlq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozur. Qeyd etdiyimiz kimi, erməni faşizminin növbəti təzahürü olan bu cinayətkar əməldən ən çox zərər görən regionlardan biri də döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhəridir. Sentyabrın 27-dən bu günə qədər Ermənistan tərəfi hərbi cinayət törədərək Gəncəni həmin dövrlər Ermənistan silahlı qüvvələri cəbhə bölgəsindən xeyli aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhərini 5 dəfə ayrı-ayrı vaxtlarda raket atəşinə tutdu.

Birinci hücum: Oktyabrın 4-də birinci dəfə atılan raketlərin törətdiyi dağıntılara görə Azərbaycan tərəfi məsuliyyəti Ermənistanın daşıdığını bildirsə də, qarşı tərəf bu ittihamı rədd etdi. Hücuma görə məsuliyyəti keçmiş Dağlıq Qarabağın rəsmiləri öz üzərlərinə götürdülər. Onlar hədəfin insanlar yox, şəhərdə olan hərbi təyinatlı binalar, habelə Gəncə Beynəlxalq Hava Limanı olduğunu bildirdilər. Halbuki Gəncədə ümumiyyətlə, hərbi təyinatlı binalar yox idi və bu gün də yoxdur.

Qeyd edək ki, həmin gün atılan üç raket zərbəsi nəticəsində bir nəfər həlak olmuş, 36 nəfər müxtəlif bədən xəsarətləri almışdır. Şəhərin Nəriman Nərimanov, Əziz Əliyev, Əli Nəzmi və digər küçələrində yerləşən evlər tamamilə dağılmış, nəqliyyat vasitələrinə ciddi ziyan dəymişdir.

İkinci hücum: Oktyabrın 5-də Ermənistan tərəfindən atılan növbəti raketlər Gəncənin "Grand Qafqaz" Ticarət Kompleksinə düşdü. Səhər saatlarında atılan 3 raket zərbəsi nəticəsində 3 nəfər müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirildi. Şah İsmayıl Xətai prospektində yerləşən ticarət mərkəzinə külli miqdarda ziyan dəydi. Bundan başqa, "İmamzadə" dini kompleksində də dağıntılar oldu.

Üçüncü hücum: Oktyabrın 8-də ermənilər Gəncəyə üçüncü raketi atdılar. İnsanların şirin yuxuda olduğu vaxt endirilən zərbə nəticəsində ölən və yaralanan olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəydi. Gecə saat 3 radələrində atılan raket Həsən Əliyev və Pərviz Səmədov küçələrində yerləşən qeyri-yaşayış sahəsində xeyli dağıntı törətdi, bir avtomobil tamamilə yararsız hala düşdü. Bundan başqa, 1887-ci ildə xeyriyyə vəsaiti ilə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsinə də ziyan dəydi.

Dördüncü hücum: Oktyabrın 11-də yerli vaxtla saat 02:00-da atılan raketlər şəhərdə böyük dağıntılar törətdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, şəhər Ermənistanın Berd rayonunda yerləşən erməni silahlı qüvvələri tərəfindən "Skad" tipli ballistik raketlərlə atəşə tutulmuşdur. Raketlər yaşayış ərazisinə düşmüş və ətrafda olan bütün binaları dağıtmışdır. Böyük dağıntılar törədən raket 31 mənzili tamamilə uçurmuş, hadisə yerində və onun yaxınlığındakı obyektlərə ciddi ziyan vurmuşdur. Hücumdan ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil qəzalı vəziyyətə düşmüşdür. 10 nəfər həlak olmuş, 34 nəfər yaralanmışdır.

Beşinci hücum: 17 oktyabrda, təxminən yerl vaxtla 01:00-da ermənilər yenə "Skad" ballistik raketləri ilə Gəncəni atəşə tutdular. Aida İmanquliyeva və Samir Xasıyev küçələrinə düşən raket zərbələri nəticəsində böyük dağıntı oldu. Çünki raketlər əhalinin sıx yaşadığı əraziyə düşmüşdü. Bu zaman xeyli sayda müxtəlif yaşayış evləri və digər tikililər ziyan gördü. Hadisə zamanı 20 ev dağılmış, xeyli sayda mülki şəxs dağıntının altında qalmışdır. Hücum nəticəsində 15 nəfər həlak olmuş, 54 nəfər yaralanmışdır.

Beləliklə, Gəncə şəhərinə atılmış raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olmuş, 29-u uşaq olmaqla, ümumilikdə 130-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu hadisələr zamanı 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirmişdir.

Bəli, erməni faşistləri insanlığa sığmayan bu cür əməlləri ilə beynəlxalq norma və prinsipləri kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməlləri törətmişdir.

Buna baxmayaraq, tutduğu cinayət hadisələrini ört-basdır etməyə çalışan Ermənistan KİV-də, eləcə də sosial şəbəkələrdə törətdiyi cinayətləri pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərlər yaymağa başlaşdı. Lakin hadisə yerlərindən yerli və xarici medianın yaydığı foto və videogörüntülər bu yalanları ifşa etdi.

Bütün xalqımız, o cümlədən gəncəlilər də yaxşı başa düşürdülər ki, Azərbaycanın haqq davasında ermənilərin törətdikləri bu cinayətlər suda boğulanın saman çöpündən yapışmasıdır. Məhz buna görə Ermənistanın Gəncəni raket atəşinə tutması sakinlər arasında ruh düşgünlüyü yaratmadı. Əksinə, gəncəlilər bir daha əmin oldular ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tezliklə düşmən üzərində qəti qələbə qazanacaq.

Gəncədə dinc sakinlərin raket atəşinə tutularaq qətlə yetirilməsi düşmənin nə qədər qəddar və məkrli olduğunu bir daha sübut etdi. İşğalçılar beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyasının müddəalarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozmaqla dinc əhalini hədəfə almış, yaşlılara və azyaşlı uşaqlara qarşı soyqırımı törətmişlər. Humanitar atəşkəsin imzalandığı vaxtdan cəmi 14 gün sonra Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə uzaqvuran ballistik raketlərin atılması nə müharibə qanunlarına, nə də insanlığa sığan bir cinayət idi. Amma o da məlum idi ki, Ermənistanın bu əməlləri cəbhədəki uğursuzluqlarının nəticəsidir. 44 gündə müzəffər Azərbaycan Ordusu irəlilədikcə, döyüşlərdə qələbələr qazandıqca düşmən öz məkrli niyyətini bu yolla həyata keçirməklə məğlubiyyətlərini ört-basdır etməyə çalışırdı.

AZƏRBAYCANIN HAQQ İŞİ DÜNYA MƏTBUATINDA

Ancaq bu cinayətə xarici jurnalistlər də susmadı. Ukraynalı jurnalist Yuri Butusov dağılmış evləri görərkən demişdir ki, bu, çox təsiredicidir: "Mən burada gördüklərimi ömrüm boyu unutmayacağam". Ukraynalı digər jurnalist Taras Berezovets isə bildirmişdir ki, işğalçı ermənilərin Qarabağdakı cinayətlərinin sübutlarını toplamaq çox vacibdir: "44 günlük müharibə haqqında çox oxumuşam. Elə mən özüm də bu barədə dəfələrlə yazmışam. Ancaq burada gördüklərim məni heyrətə gətirdi".

Rusiyalı siyasətçi və jurnalist Maksim Şevçenko da Gəncəyə səfəri çəçivəsində ermənilərin atdıqları ballistik raketlərin dağıtdıqları ərazilərdə olarkən dinc əhaliyə raket hücumunu terrorun qatı nümunəsi kimi dəyərləndirmişdir: "Bu əməllərin məqsədi mülki sakinlərin öldürülməsi və şəhərdə miqyaslı dağıntılar törədilməsi yolu ilə kütləvi vahimə yaratmaq olub. Lakin bu xain hücumlar əks nəticə verdi. Azərbaycanlılar bunun cavabını öz doğma torpaqlarını qaytarmaq üçün açdıqları hərb meydanında verdilər, terror hücumlarından ölənlərin də əvəzinə vuruşub, onların da qisasını aldılar".

İtaliyanın nüfuzlu xəbər agentliklərinin əməkdaşları da Gəncədə gördüklərindən heyrətə gəlmişdilər. Bu ölkənin televiziya kanalları, xəbər agentlikləri, o cümlədən "Rai", "Mediaset", "Ansa", "Agi", "La7", "İl Sole 24 Ore", "İl Giornale", "Adnkronos", "Notizie Tiscali", "Notizie Yahoo" və digər kütləvi informasiya vasitələri Ermənistanın törətdiyi vəhşiliklər haqqında çoxsaylı materiallar hazırlayıb yaymışlar.

Ümumiyyətlə, 44 günlük müharibə haqqında dünyanın bir çox nüfuzlu KİV-i Azərbaycanın haqq işi ilə əlaqədar çoxsaylı məqalələrlə çıxış etmişlər. Türkiyə, Argentina, Xorvatiya, İsrail, Malayziya, İndoneziya, Pakistan və s. ölkələrin kütləvi informasiya vasitələrində Qarabağın işğaldan azad olunmasında Azərbaycan Ordusunun qazandığı uğurlardan, eləcə də Ermənistanın dinc əhaliyə qarşı apardığı terror aktlarından bəhs edən materiallar verilmişdir.Çünki öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

ERMƏNİSTAN TERROR, FAŞİST DÖVLƏTİDİR

Azərbaycan Prezidenti İlham Əliyev "Haber Global" telekanalına müsahibəsində bildirib ki, biz qara təbliğatla uzun illərdir ki, üzləşirik. Dövlət başçısı deyib ki, bunun bir neçə səbəbi var, onlardan biri də bəzi ölkələrdə erməni diaspor təşkilatlarının fəaliyyətidir: "Onların fəaliyyətinin hədəfində Azərbaycan dayanır. Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yalanlar yaymaq və beləliklə, ölkəmizin imicinə zərbə vurmaq məqsədləri daim onların gündəylindən olan məsələlərdir".

Prezident İlham Əliyev qeyd edib ki, son döyüşlərlə əlaqədar da erməni diaspor təşkilatları və onların havadarları, dünya erməniliyi Azərbaycana qarşı mətbuat savaşına başlayıb: "Bunun nəticəsidir ki, bu gün dünya mətbuatında bir çox halda təhrif edilmiş məlumatlar yer alır. Ona görə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bizim böyük səylər göstərməyimiz gərəkdir. Bu baxımdan Türkiyə mətbuatının nümayəndələrinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Çünki demək olar ki, hər gün gecə-gündüz Türkiyənin aparıcı televiziya kanalları, digər mətbu orqanları bu münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırır".

Dövlət başçısı nəzərə çatdırıb ki, atəşkəs rejimi tətbiq olunandan sonra demək olar ki, dərhal Ermənistan öz çirkin əməllərini davam etdirdi: "Biz bir müddət ara vermişdik, çünki biz sözümüzə sadiqik. Bir halda ki, o atəşkəs haqqında açıqlama verilib, biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla çözüləcək. Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə konstruktiv davranış göstərəcək. Təəssüf ki, biz bunu görmədik. Saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulub. Bildiyiniz kimi, ondan sonra gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törədilib. Gəncə şəhəri bombardman atəşinə tutulub, "Toçka-U" raketi ilə şəhər atəşə məruz qalıb. Bunun nəticəsində mülki şəxslər həlak olub və yaralanıb. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistan havadarları, onların hamiləri və islamafob dairələr bu cinayəti gizlədə bilməyəcəklər, çünki artıq hər şey göz qabağındadır. Dünən hadisə yerində təşkil edilən mətbuat konfransı və bu gün oraya gedəcək xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər, görəcəklər. Bir daha görürlər ki, kim bu münaqişənin səbəbkarıdır, kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir. İnsanlığa qarşı törədilmiş cinayət bunu bir daha göstərir".

ERMƏNİLƏRİN CİNAYƏTLƏRİ CƏZASIZ QALMAYACAQ

Bu itkilər nə qədər ağır, ağrılı olsa da, xalqımızın mübarizlik ruhunu qıra bilməz. Vətəndaşlar yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir, milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər. İnsanlar Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, dövlət başçımızın qəbul etdiyi qərarları tam dəstəkləyir, Ona dərin etimad göstərir, arxasında durduqlarını bəyan edirlər.

Bu gün Ermənistan tərəfindən hərbi cinayətə və dövlət səviyyəsində həyata keçirilən terror siyasətinə məruz qalmış Gəncə əhalisi, ümumilikdə bütün xalqımız heç vaxt olmadığı kimi nikbindir, torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini istəyir və tələb edir. Əminliklə demək olar ki, bu gün Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib.

Şübhə yoxdur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və verəcək. Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistan döyüş meydanında böyük itkilərə məruz qalır, mülki əhalimizə qarşı qatı qəddarlığın qisası düşməndən alınır. Hazırda Ermənistan Ordusu bütün müqavimət imkanlarını itirib, nizamsız dəstələrə parçalanıb, şəxsi heyət arasında böyük ruh düşgünlüyü, inamsızlıq hökm sürür. Ermənistan hakimiyyəti və ordu rəhbərliyi prosesi idarə etmək imkanında deyillər.

Bütün bunların fonunda beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə laqeyd qalmamalı, bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə cavab verməlidir. Əgər bunu beynəlxalq birlik etməyəcəksə, Azərbaycan özü cinayətkarları cəzalandıracaq.

ERMƏNİSTANIN HƏRBİ CİNAYƏTLƏRİ DÜNYA TƏRƏFİNDƏN TANINMALIDIR

Qeyd edək ki, cari ilin yanvarın 30-da Prezident İlham Əliyev Gəncə şəhərinə 18-ci səfəri zamanı AZƏRTAC-a müsahibəsində bildirib ki biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir: "Bilirsiniz, bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır. İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm "Toçka-U", həm "SCUD" raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır. Necə ki, vaxtilə ermənilər deyirdilər, azərbaycanlılar özləri Xocalı soyqırımını törədiblər. Bu dəfə də ermənilər öz yalanlarının, necə deyərlər, qurbanlarına çevrilib. Çünki ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb, biz müharibəni ləyaqətlə aparmışıq, biz döyüş meydanında düşmənə cavab vermişik. Gəncə və digər şəhərlər - Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir".

Bəli, biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir.. Bu gün bunu bütün dünya görürü. Və görürüki, biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir.

Beləliklə, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımları, xalqa müraciətləri, rəşadətli ordumuzun uğurları cəmiyyətimizdə, dünyanın harasında yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsi böyükdən kiçiyə daxilən səfərbər edib, Qarabağa yenidən dönmək arzusunu reallığa çevirir. 30 ildir ki, düşmən tapdağında qalan torpaqların azadlığı uğrunda mübarizəyə qalxmış xalqımız bu haqq savaşında öz Prezidentinə inanır, arxalanır, ondan güc alır. Qarabağ uğrunda savaş bizim Vətən savaşımızdır. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

RƏFİQƏ KAMALQIZI