"Onlar Azərbaycan-ABŞ arasında əlaqələri zədələmək üçün çalışır" - MÜNASİBƏT BİLDİRİLDİ

8 Oktyabr 2024 11:16 (UTC+04:00)

“ABŞ Konqresinin Ermənistan üzrə qrupu Azərbaycan-ABŞ arasında əlaqələrini zədələmək üçün çalışır və rəsmi Vaşinqtonda bu mövqeni Bakıya qarşı istifadə etmək cəhdləri aşkar şəkildə müşahidə olunur. ABŞ-nin Azərbaycana qarşı təzyiqləri onun Bakı-İrəvan sülh proqramında uyğun nöqtələr taparaq Rusiyaya qarşı strateji imkanları genişlətmək məqsədlərinin bir hissəsidir. Bu baxımdan ABŞ Konqresinin Erməni Problemləri Qrupu Vaşinqtonun əlində Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsinə təzyiq rıçaqına çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, konqresmenlərin erməni qrupuna dəstək məqsədilə fəaliyyətlərinin isə iki əsas hədəfi var: “Birincisi, Konqresin Ermənistan Qrupu ABŞ-Ermənistan münasibətlərinin saxlanması və möhkəmləndirilməsinə həsr olunmuş qeyri-rəsmi qrupdur. Bu qrup indi öz fəaliyyətini davamlı etmək üçün müxtəlif vasitələr axtarır, çünki Azərbaycanın İrəvan üzərində hərtərəfli qələbəsindən sonra həmin qrupun da statusu kölgə altına düşür. 1995-ci ildə yaradılan bu qrup o zamanın regional şərtləri və terminologiyasını əsas götürür. Bu gün isə Cənubi Qafqazda reallıqlar qrupun manevrini əhəmiyyətli şəkildə məhdudlaşdırır – istər terminoloji, istərsə də regiona təsirlər baxımından”.

Aqşin Kərimov sözlərinə belə davam edib: “İkincisi, ABŞ Dövlət Departamenti hakimiyyətin icraedici qanadını təmsil etsə də, o, Azərbaycan-ABŞ münasibətlərinin normalarının Konqres tərəfindən müəyyən edilə biləcəyi görüntülərini yaradır. Bu mənada konqresmenlərlə Dövlət Departamentinin koordinasiyalı fəaliyyət göstərdiyi şübhə doğurmamalıdır. Yəni nəticə olaraq Vaşinqton erməni qrupu üzərindən xarici siyasət üzrə fəaliyyətinin Azərbaycan vektorunu kritik bir məqam kimi istifadəyə çalışır. Lakin ABŞ Administrasiyasında Azərbaycanın Mərkəzi Asiyaya keçiddə mühüm rol oynadığını başa düşən beyinlər də mövcuddur. Bu, ABŞ-nin Azərbaycanla münasibətlərdə nəyin işlədiyini düşünmək və əlaqələri Bakının irəli sürdüyü strateji təşəbbüslərə uyğunlaşdırmaq şansları verir.

Vaşinqton bundan sonra Azərbaycanla əlaqələrdəki strateji tərəfdaşlıq və energetika sahəsindəki dərinlikləri və genişliyi vurğulayan siyasi xətti yürütməlidir. Əks təqdirdə, Azərbaycan ABŞ ilə münasibətlərin rəsmi şəkildə yenidən nəzərdən keçirilməsini özündə birləşdirən addımlar atmaq hüququndan istifadə edəcək”.

Ayşən Vəli