Çinli müəllimlərdən xarici pasportlar alınır...

8 Oktyabr 2024 01:07 (UTC+04:00)

...Çin hakimiyyəti məktəb müəllimlərinin və digər dövlət sektoru işçilərinin xarici pasportlarını müsadirə edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə bazar ertəsi “Financial Times” bildirib.

Müxtəlif əyalətlərdən olan ondan çox çinli müəllim və hökumət rəsmisi də bu məlumatı təsdiqləyib.

...Pasport kolleksiyası “xaricə şəxsi səyahətləri idarə etmək” kampaniyasının bir hissəsidir. Pasportların toplanması 2003-cü ildən bəri milli qaydalara əsaslanır.

Bunu “Financial Times” qeyd edib.

Bu qaydalar əvvəlcə əsas yüksək və orta səviyyəli işçilərə şamil edildi, lakin indi yerli hakimiyyət orqanları bütün dövlət işçilərinin səyahətinə nəzarət etmək imkanına malikdir.

Qeyd edilir ki, yeni təlimatlar bu ilin mart ayında Wenzhou Şəhər Təhsil Bürosunun saytında dərc edilib.

Oxşar təlimatlar Çinin bütün məktəb və universitetlərinin veb portallarında da yer alıb.

Bu təlimatlar dövlət işçilərindən səyahət icazəsi üçün iş yerlərində müraciət etmələrini tələb edir, səyahət ümumiyyətlə ildə 20 günlə məhdudlaşdırılır.

Pasportlarını təhvil verməkdən imtina edən və ya icazəsiz xaricə səyahət etməyə cəhd edən dövlət qulluqçuları “tənqid və maarifləndirməyə” məruz qala və onların işi Çinin korrupsiyaya qarşı mübarizə orqanına göndərilə bilər.

Təlimatlarda həmçinin qeyd edilir ki, xaricə səyahət edən pedaqoqlar qadağan olunmuş ruhani hərəkat Falun Gong və ya digər “düşmən xarici qüvvələrlə” əlaqə saxlamamalıdır.

...Bu arada adının çəkilməsini istəməyən müəllimlərdən biri nəşrə bildirib ki, getmək üçün ərizə vermək imkanı olsa da, ərizənin təsdiq olunacağına şübhə edir.

...76 yaşlı təyyarə zavodunun işçisi qəzetə bildirib ki, on ildən çox əvvəl təqaüdə çıxmasına baxmayaraq, təhlükəsizlik səbəbi ilə xaricə ailəsinə baş çəkməsi qadağan edilib.

Əli Babayev