Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olublar

7 Oktyabr 2024 22:14 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək reabilitasiya tədbirlərinə cəlb edilən bir qrup ukraynalı uşaq Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Ukraynadakı müharibədən əziyyət çəkən uşaqlar əvvəlcə Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla, Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar toplusu ilə tanış olublar.

Arxeoloji Mərkəzin akt zalında keçirilən görüşdə qoruğun direktoru Zahir Kərimov ukraynalı uşaqlara Tarix-Bədii Qoruğun və Mərkəzin fəaliyyəti barədə məlumat verib.

Sonra ukraynalı uşaqlar “Qafqaz Albaniyasının paytaxtı-Qəbələ” filmini izləyiblər. Qonaqlar üçün çay süfrəsi təşkil olunub, xatirə hədiyyəsi təqdim edilib.

Ukraynalı uşaqlar, həmçinin qoruğun tarixi məkanları - Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə də tanış olublar. Onlara Qəbələ Arxeoloji Ekspedisiyasının iştirakı ilə aparılmış arxeoloji qazıntılar, arxeoloqların aşkar etdikləri tapıntılar barədə ətraflı məlumat verilib.

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar.