Turistin cəsədi köpək balığının mədəsində tapılıb

7 Oktyabr 2024 21:04 (UTC+04:00)

...İndoneziyada balıqçılar əvvəllər itkin düşmüş 68 yaşlı amerikalı qadının cəsədini köpək balığının mədəsində tapıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Sun” xəbər verir.

Nəşr qeyd edib ki, turist sentyabrın 26-da Pulau Reonq adasında dalğıc turu zamanı güclü axın onu apardıqdan sonra yoxa çıxıb.

Onun axtarışları səkkiz gün davam edib, lakin daha sonra dənizdəki təhlükəli şəraitə görə dayandırılıb.

Bununla belə, oktyabrın 6-da qonşu Şərqi Timor əyalətində yerli balıqçılar qarnında qadın cəsədi tapdıqları köpək balığını tutublar.

...Tutulan köpəkbalığında nəsə problem vardı. Mən elə bildim ki, o, plastik və ya balıq torunu udub. Səbəbini anlamaq üçün onu kəsdik və içəridə qadının qalıqlarını tapdıq, – deyə balıqçı bildirib.

Aşkar edilən qalıqların hələ də qara su paltarı geyindiyi qeyd edilir.

Nazlı Almuradova