“Türkiyə dəniz ticarət donanması dünyada 11-ci sıraya yüksəldi”

7 Oktyabr 2024 19:06 (UTC+04:00)

Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu Türkiyə dəniz ticarət donanmasının dünyada 11-ci sıraya yüksəldiyini söyləyib.

SİA-nın əldə etdiyi məlumata görə, nazir Uraloğlu yazılı açıqlamasında bildirib: “Dənizçi ölkə, dənizçi millət” şüarı ilə dəniz ticarətinin artırılması üçün nazirlik olaraq lazımi investisiyaları qoyduq və bunların nəticələrini almağa başladıq. 2022-ci ildə 39,1 milyon dedveyt ton olan Türkiyə mülkiyyətindəki dəniz ticarət donanması 2023-cü ildə 25 faiz artaraq 48,8 milyon dedveyt tona çatıb”.

Türkiyə donanmasının 2024-cü ildə də sürətlə böyüməyə davam edərək keçən ilə nisbətən 3,8 milyon dedveyt tonluq əhatə artışı ilə ilin ilk yarısında 7,9 faizlik böyümə göstərdiyini vurğulayan Əbdülqədir Uraloğlu deyib: "Türkiyə bayraqlı 6,57 milyon, xarici bayraqlı 46,16 milyon - ümumilikdə 52,73 milyon dedveyt ton gücə çatdıq. Dünya üzrə Türkiyə mülkiyyətindəki dəniz ticarət donanması 2023-cü ilə görə bir pillə daha yüksələrək 11-ci sırada yerləşib. Qoyduğumuz investisiyalar sayəsində Türkiyə dəniz ticarət donanması 52,7 milyon dedveyt tona çataraq dünyada 11-ci sıraya yüksəlib. Dünyada ilk 10-luqda yeralma hədəfimizə son bir pillə qaldı.

Əsas gəmi qruplarına görə 2024-cü ilin ilk 6 aylıq məlumatlarına baxıldığında Türkiyə bayrağını daşıyan dəniz ticarət donanmasında ədəd əsasında 118 gəmi ilə ümumi yük gəmisi, dedveyt ton əsasında isə 1,56 milyon dedveyt ton ilə yük gəmisi öndədir.

Türkiyə bayraqlı dəniz ticarət donanması ilbəil sürətlə yüksəliş göstərir. Artıq dənizlərdə Türk bayrağı dünyanın ən prestijli bayraqları arasında yer alır”.