“Bu vəhşilik insanlığın vicdanında dərin bir yara açdı”

7 Oktyabr 2024 18:36 (UTC+04:00)

Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Türkiyənin Fələstinin haqq mübarizəsində hər zaman yanında olacağını bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, o, İsrailin Qəzzaya qarşı hücumlarının birinci ilinə dair sosial media hesabında paylaşım edib.

İsrailin 76 ildir Fələstin xalqına tətbiq etdiyi zülmün son bir ildə açıq bir soyqırıma çevrildiyini vurğulayan Əminə Ərdoğan dağıdılmış evlərin xarabalıqları altında yalnız daşların deyil, insanlıq ləyaqətinin də qaldığını söyləyib: "Uşaqların məsum gülüşləri işğalın zalım üzü ilə sönüb gedir, anaların göz yaşları hər gün Qəzzanın torpağına yenidən qarışır. Bu vəhşilik insanlığın vicdanında dərin bir yara açıb. Hər bir itki bütün dünya üçün bir utanc sənədinə çevrilib. Amma biz bilirik ki, zülmün kölgəsi nə qədər ağır olsa da, ədalətin işığı bir gün o qaranlığı boğacaq. Bu qaranlıq günlər bir xalqın azadlıq ümidini sönməyə qoymayacaq. Türkiyə Fələstinin bu haqq mübarizəsində hər zaman yanında olacaq. Dualarımız sülhün və ədalətin hökm sürdüyü bir dünya, Fələstinin azadlığı, məsum uşaqların təhlükəsiz böyüyəcəyi bir gələcək üçündür."

Əminə Ərdoğan paylaşımında Qəzzada baş verənlərlə bağlı bir videoya da yer verilib.