“Cəmiyyət Azərbaycan səhiyyəsinə güvənir“ - DEPUTAT DANIŞDI

7 Oktyabr 2024 17:54 (UTC+04:00)

“Ölkəmizin İcbari Tibbi Sığorta sisteminə keçməsi çox müsbət tendensiya oldu. Uzun müddətdir ki, bu sahədə iş gedirdi. Bir neçə il öncə pilot layihələr hazırlandı, ölkənin böyük şəhərlərində tətbiq olundu. İndi isə artıq bütün ölkə üzrə icbari tibbi sığorta tətbiq edilir. Bu da ilk növbədə əhalinin, xüsusilə də sosial baxımdan mühafizəyə ehtiyacı olan təbəqənin tibbi problemlərinin həllində böyük köməkdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan səhiyyəsi bu gün sözün həqiqi mənasında inkişaf edir: “Xüsusilə səhiyyənin müxtəlif sahələrində mühüm uğurlar əldə edilir. Bütün bunlara görə həkimlərimizə təşəkkür edirik.
Bir zamanlar ən kiçik xəstəliyə görə belə ölkədən kənara çıxmağa çalışan insanlarımız artıq Azərbaycan səhiyyəsinə güvənir və ölkəmizdə müalicələrini davam etdirirlər”.