“Azərbaycanda müasir kino sənayesinin vəziyyəti ürəkaçan deyil. Kino sahəsində müstəqillik dövründə dünya səhnəsinə çıxan kino nümunələri haqqında danışmağa çətinlik çəkirik. Çünki Azərbaycan kinosu Sovet kinosunun tərkib hissəsi kimi formalaşmağa başladı və inkişaf etdi. Ancaq Sovet İttifaqının fiyaskosundan sonra bizim Sovet İttifaqı sisteminə daxil olan sistemlərlə əlaqələrimiz əvvəlki əhəmiyyətini itirdi. Bütün respublikalarda olduğu kimi Azərbaycanda da kino sahəsində böhran özünü göstərməyə başladı”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
O bildirib ki, müstəqil kinonun real vəziyyətini yaxşılaşdırmaq üçün qlobal dünya ilə əməkdaşlıq istiqamətində adddımlar atılmalıdır: “Qardaş Türkiyə respublikası, Qərb və Avropa ölkələri ilə bu istiqamətdə əlaqələr qurmalıyıq ki, kino sənayesindəki boşluqları dolduraq. Bu mənada müştərək kinoların yaradılması sahəsində çalışmaq lazımdır.
Azərbaycanın keçdiyi tarixi yol, yaşadığı ağrılı-acılı günlər, eyni zamanda uğur hekayələrimiz kifayət qədər böyük kino materialıdır. Hesab edirəm ki, həmin hadisələr mütləq şəkildə kinoda öz əksini tapmalıdır. Azərbaycanın qazandığı zəfər böyük bir tarixdir və kino vasitəsilə əbədiləşdirilməlidir.
Müstəqil kino sənayemiz ürəkaçan vəziyyətdə olmadığından, xarici əlaqələrin qurulması mühümdür. Qarşılıqlı təcrübə mübadiləsinin aparılması və ya müştərək fəaliyyət əsasında kino sənayesini ayağa qaldıra bilərik. Bu mənada ölkəmizdə müxtəlif ölkələrin mədəniyyət və kino günlərinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.