Avtobus sürücüləri işə götürülərkən hansı cəhətlər əsas götürülür? - MÜNASİBƏT BİLDİRİLDİ

7 Oktyabr 2024 17:07 (UTC+04:00)

"Avtobusların iş qrafikinə baxdıqda görə bilərik ki, avtobus qəzalarının artmasının səbəblərindən biri də nəqliyyatdan istifadə qaydalarının düzgün seçilməməsidir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Nəqliyyat eksperti bildirib ki, bu o deməkdir ki, nəqliyyat vasitələrini idarə edən şəxslər mütləqdir ki, qəzalardan sığortalanmalı, qaçmağı bacarmalıdır: "Amma konkret olaraq bunu avtobuslara şamil etsək, avtobuslarda proses tam başqa cürdür. Onun mahiyyəti də tam başqadır.

Yəni avtobus sürücüləri birmənalı olaraq seçilmiş, öz iş prinsiplərinə görə uyğun şəxslər olmalıdır. Misal üçün, məsuliyyətli, etik davranışları normal olan, səhhətində problem yaranmayan, ümumi olaraq insanlarla işləməyi bacaran, xoşniyyətli və bu kimi amilləri özündə ehtiva edən şəxslər olmalıdır.

Sərnişindaşımanın əsas ağırlığı bu gün Bakı metrosunun və marşurutların, qismən də taksilərin üzərinə düşür. Amma burada düzgün sürücünün seçilməsi, nəqliyyat vasitəsinin qüsursuz idarə olunması, avtobus sürücülərinin bu və digər formada nəzarətdə saxlanılması vacib atılan addımlardan, görüləcək işlərdən biridir. Ələlxüsus avtobus sürücüləri mütəmadi olaraq geniş tibbi müayinədən və narkoloji testdən keçirilməlidir.

Əsasən işə çıxan, buraxılış vərəqəsi alan şəxsin səhhətində olan vəziyyət, onun təzyiqinin ölçülməsi, müəyyən dərəcədə testlərdən, analizlərdən keçirilməsi mütləqdir ki, bu da yolda idarəetməyə sirayət edəcək. Eyni zamanda qanunvericiliklə sürücünün sürürücülük vəsiqəsi və D kateqoriyası olmalıdır. Ümumiyyətlə, sözügedən şəxs ən azı 5 ildən yuxarı və 10 il müddətinə ağır və iri qabaritli, orta tutumlu nəqliyyat vasitələrini idarə etməlidir. Onun yaş məsələsinə gəldikdə isə, sürücünün yaşı 21-dən yuxarı olmalıdır.

Əlbəttə ki, bütün bu amillərin nəzərə alınması önəmli məsələlərdən biridir. Çünki insanların əksəriyyəti gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edirlər. Və onların sağlamlıq durumlarını heç bir vəchlə təhlükəyə atmaq olmaz. Xüsusilə, işə götürülən sürücülərin psixoloji vəziyyəti, səbrli, təmkinli, düzgün davranış qaydalarına bələd olması da mühümdir".