Qeyri-neft sektorunun artması ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür TƏHLİL

7 Oktyabr 2024 16:36 (UTC+04:00)

PREZİDENT İLHAM ƏLİYEV: "Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artıb". Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir"

Son 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və məqsədyönlü siyasət ölkəmizin beynəlxalq birliyə sıx inteqrasiyasını təmin etmişdir. Yüksək beynəlxalq nüfuza malik iqtisadi-maliyyə qurumları Azərbaycanda iqtisadi durumu yüksək qiymətləndirirlər. Azərbaycan özünün iqtisadi siyasətini zamanın dəyişən tələblərinə və meydana çıxan yeni çağırışlara uyğun qurur. 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsini şərtləndirən amillər sırasında ölkəmizin güclü iqtisadi potensialı xüsusi yer tutur. Və respublikamız son 21 ildə məhz getdikcə artan iqtisadi-maliyyə imkanlarından bəhrələnməklə güclü ordu yaratmağa, Silahlı Qüvvələrimizi müasir döyüş texnikası ilə təchiz etməyə nail oldu. Güclü Ordumuz isə Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək düşməni kapitulyasiyaya uğratdı və ərazi bütövlüyümüzü tam təmin etdi. Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə əldə edilmiş tərəqqinin göstəricisi kimi, qeyd etmək olar ki, ölkəmiz bölgənin strateji, siyasi və iqtisadi proseslərinin gedişinə təsir göstərir.

ÖLKƏ İQTİSADİYYATININ ŞAXƏLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ ATILMIŞ ADDIMLAR VƏ DÜŞÜNÜLMÜŞ İSLAHATLAR SİYASƏTİ ÖZ BƏHRƏSİNİ VERMƏKDƏDİR

Prezident İlham Əliyev cənablarının sədrliyi ilə sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunan müşavirədə dövlət başçısı bir daha diqqəti əsas hədəfimiz olan dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsinə yönəltdi. Bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. "İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında danışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir" söyləyən cənab İlham Əliyev diqqəti cari ilin ötən dövrünün əsas iqtisadi göstəricilərinə yönəltdi. Belə ki, iqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artıb. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.

İQTİSADİ İNKİŞAF GÖZLƏNİLƏN SƏVİYYƏDƏDİR

Prezident İlham Əliyev müşavirədə çıxışında ilin əvvəlindən iqtisadi inkişafın gözlənilən səviyyədə olduğun vurğulayaraq iqtisadi artımın 4,3 faiz təşkil etdiyini söyləyən dövlətimizin başçısı bildirdi: "Dünyada gedən bugünkü prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir".

Prezident İlhaim Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən əasa mühüm məqamı xüsusi qeyd edib ki, bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Dövlətimizin başçısı iqtisadi məsələlərə həsr olunmuş müşavirədə onu da bildirib ki, ölkəmizdə iqtisadi inkişaf dinamikası gözlənilən səviyyədədir və mövcud artım templəri 2024-cü il üzrə iqtisadiyyatın uğurlu olacağından xəbər verir. Cari ilin ötən dövründə, yəni yanvar-avqust aylarında ölkəmizdə 80,9 milyard manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri-neft-qaz sektorunda isə 7 faiz artıb. Habelə qeyri-neft sənayesində 7,8 faiz artım qeydə alınıb.

Bu, onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış uğurlu addımlar və düşünülmüş islahatların nəticəsidir ki, ölkəmizdə iqtisadi inkişaf dinamikası gözlənilən səviyyədədir və mövcud artım templəri 2024-cü il üzrə iqtisadiyyatın uğurlu olacağından xəbər verir: "Bütövlükdə deməliyəm ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında danışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir"..

AZƏRBAYCAN PREZİDENTİ NEFT HASİLATINDA BURAXILMIŞ NÖQSANLARLA BAĞLI XARİCİ NEFT ŞİRKƏTLƏRİNDƏN TƏLƏBLƏRİ AÇIQLAYIB

İqtisadiyyatın inkişafında neft-qaz amilinin rolunu hər zaman önə çəkən Prezident İlham Əliyev bu reallığı da xüsusi olaraq diqqətə çatdırır ki, əməkdaşlıq və sərmayə tarixi olmadan bugünkü nailiyyətlərimiz mümkünsüz olardı. Hazırda planlaşdırılan bütün işlər möhkəm bünövrəyə əsaslanır. Dövlət başçısı İlham Əliyev müşavirədə onu da bildirdi ki, son illərdə xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi. Ölkəmiz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyir. Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və tələb edilmişdir ki, aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq: "Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək. Beləliklə, bizim iqtisadi inkişaf templərimizi geriyə çəkən əsas amil ümid edirəm ki, aradan qaldırılacaq və gələn il sabit neft hasilatı təmin edilməlidir. Nəzərə alsaq ki, hazırda biz neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işləyirik və o layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozlarımız var. Yəqin gələn il biz hamımız onu görəcəyik ki, yeni layihələrdən, yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilir. Hesab edirəm ki, neft-qaz sahəsində templər müsbət olacaqdır."

Bir sözlə, Preztident İlham Əliyevin əsas tələbi, qarşıya qoyduğu vəzifə iqtisadi və sosial islahatların paralel aparılmasıdır. Son 21 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. 2003-cü ildə ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,7 milyard dollardır. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb. Bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. 2003-cü ildə minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Cənab İlham Əliyev bildirir ki, əlbəttə, bu da yetərli deyil. Ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Statistikaya nəzər salaq. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılır. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək.

BU UĞURLARIN TƏMƏLİNDƏ QƏTİYYƏT, PRİNSİPİALLIQ, MİLLİ MARAQLARA HESABLANMIŞ ARDICIL SİYASƏT, LİDERLİK YENİLMƏZLİYİ VƏ GÜCLÜ AZƏRBAYCAN AMİLİ DAYANIR

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, İkinci Qarabağ müharibəsində Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculq işlərinə başlanılması ölkəmizin iqtisadi qüdrətini geniş mənada dünyada tanıdır. Qısa müddətdə 4 şəhərin və 4 kəndin sakinlərinə qovuşması bunun bariz nümunəsidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır.

Bu uğurların təməlində qətiyyət, prinsipiallıq, milli maraqlara hesablanmış ardıcıl siyasət, liderlik yenilməzliyi və güclü Azərbaycan amili dayanır. İqtisadi sistemin formalaşdırılması və təkmilləşdirilməsi, daim nəzarətdə olan maliyyə sabitliyi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin həllinə yönəldilən diqqət sayəsində cəmiyyətdə sabitlik və təhlükəsizlik üçün münbit şərait yaranıb, Azərbaycan siyasi sabitlik adası kimi nüfuz qazanıb. Artıq dünyada sözünə imzası qədər dəyər verilən qalib, bütövləşən Azərbaycanla bütün sahələrdə hasablaşırlar. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. Cənab İlham Əliyev bütün çıxışlarında bu reallığı da diqqətə çatdırır ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.

Bax, budur müasir Azərbaycan həqiqətləri. Bütün bunlar əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır.

Beləliklə, göstərilən rəqəmlər bir daha Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu təsdiqləyir, ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyevin çevik, qətiyyətli və düzgün qərarlar qəbul etməsinin məntiqi nəticəsidir ki, ölkəmiz artıq son 20 ildə hər bir çətinlikdən uğurla, az itki ilə çıxmağa nail olur və bundan sonra da Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəkdir. Çünki hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil iqtisadiyyatın yüksək olmasıdır.

RƏFİQƏ KAMALQIZI