Zəfər bizimlə əbədi yaşayacaq

7 Oktyabr 2024 16:25 (UTC+04:00)

“Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur”. Cənab İlham Əliyev bu günlərdə Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarının təqdim edilməsi mərasimində bildirdi ki, Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirilmişdir. O da çox böyük peşəkarlığa malik olan əməliyyatdır. Düşmənin orada çox möhkəm istehkam mövqeləri var idi. Şəhəri azad etmək üçün qəhrəman övladlarımız bir neçə müdafiə xəttini yarmalı idi və bunu edə bildi. Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatmışdır və yolumuz Şuşaya, Zəngilan və Qubadlı istiqamətinə açılmışdır. Müzəffər Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getmiş və döyüş meydanında böyük yaşayış məntəqələrini - Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad edə bilmişik. Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verildi. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrasına start verildi. Sovet vaxtında olan yol yenidən quruldu. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana, Qubadlıya və oradan da Laçına qədər davam edir.

Ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə görülən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, qüdrətini göstərir. Azərbaycan xalqı tarixi Zəfərimizdən dərhal sonra ərazilərimizdə bərpa işlərinə başlamaqla bu torpaqların əsl sahibi olduğunu nümayiş etdirdi. Bütün işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirən Azərbaycan müharibədən dərhal sonra bərpa işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atdı. Ermənilərin 30 illik işğal dövründə törətdikləri vəhşiliklərə şahidlik edən bu torpaqlarımız hazırda yenidən qurularaq sevincli günlərini yaşayırlar. Qarabağa və Şərqi Zəngəzura qayıdış xalqımızda bu inama da əsas verir ki, Qərbi Azərbaycana da qayıdacağıq.

Dövlət başçısı İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılış mərasimində belə bir əminliyi ifadə etdi ki, Qərbi Azərbaycandan olan soydaşlarımız da eyni hissləri yaşayacaqlar: “Hər şey bizim əlimizdədir. Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır".

Həm İkinci Qarabağ müharibəsi, həm də antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırdı. “Hətta işğal dövründə, 10 il, bəlkə də ondan da qabaq mən bəzi çıxışlarımda Qərbi Azərbaycanla bağlı fikirlərimi səsləndirirdim. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq” bildirən cənab İlham Əliyev bu çağırışı etdi ki, bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək: “Bu gün antiterror əməliyyatından keçən il ərzində biz bunu görürük. Əslində, birinci həftələr, birinci aylar ərzində bizə qarşı nə qədər əsassız ittihamlar irəli sürülürdü, bizə sanksiyalar tətbiq edildi. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər, - hər halda, özlərini belə sayanlar, - bizə qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir. Antiterror əməliyyatının ildönümü ərəfəsində biz yenə də nə qədər genişmiqyaslı şər, böhtan kampaniyası ilə üzləşdik. Bu, bizim iradəmizə təsir edə bilər? Heç vaxt! Çünki bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Əslində, bu, Azərbaycan xalqının işidir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur".

Qərbi Azərbaycana qayıtmağımız hər şeydən əvvəl tarixi yaddaşımıza əsaslanır. Doğurdan da, milli yaddaşın əsas komponenti olan tarixi yaddaşımız, onun düzgün əsaslarda yeni nəslə ötürülməsi Birinci Qarabağ savaşından sonra dünyaya gələn qəhrəmanlarımızın torpaqlarımızı işğaldan azad etməsinə gətirib çıxardı. Bu gün işğaldan azad edilmiş ərazilərimizə o torpaqlarımızı görməmiş yeni nəslin qayıdışını da təmin edən məhz tarixi yaddaşdır. Ona görə də, əgər illər əvvəl məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaları ilə bağlı ümummilli arzularımız necə bu gün reallığa çevrildisə, çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıtmaqla bağlı arzularımız da gerçəkləşəcək. Bunun üçün bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmağı bacarmalıyıq. Orada əcdadlarımızın yaratdığı maddi-mədəni irsi ermənilərin barbarcasına necə dağıtdıqlarını, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda necə yaşamaq hüququmuzun olduğunu bütün dünyaya çatdırmalı və o torpaqlara qayıtmağımız üçün hüquqi-informativ mühit formalaşdırmalıyıq. 44 günlük İkinci Qarabağ müharibəsində, bir günlük antiterror tədbirlərində monolit birliyimiz ilə milli hədəflərimizə çatdığımız kimi, bundan sonra da bu birliyi davam etdirərək tarixi Qərbi Azərbaycan torpaqlarımıza qayıtmalıyıq.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri