“Onların arzusu gözlərində qaldı” - ŞƏRH OLUNDU

7 Oktyabr 2024 15:51 (UTC+04:00)

“İkinci Qarabağ savaşındakı məğlubiyyətdən sonra Ermənistanın ən böyük arzusu Qarabağdakı ermənilərin “hüquq və təhlükəsizliyi” adı altında separatçı rejimin ərazilərimizdə öz mövcudluğunu qoruyub saxlamasından ibarət idi. Ermənistan düşünürdü ki, bu adla, yəni onların təhlükəsizliyinə zəmanət adı altında regiona kənar qüvvələr yerləşdirilə və ermənilər üçün hansısa beynəlxaq zəmanət verilə bilər. Məqsəd gələcəkdə bu qüvvələrin də dəstəyi ilə öz müqəddəratını təyin etmək məsələsini qaldırmaq və ərazilərimizdə ikinci erməni dövləti yaratmaq idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, Ermənistanın bu arzusunu reallaşdırmaq üçün bir sıra Qərb dairələri də dəridən-qabıqdan çıxırdı: “Biz Fransa, ABŞ və Avropa İnstitutları tərəfindən ermənilər üçün beynəlxaq təhlükəsizlik zəmanəti verilməsinin zəruriliyi ilə bağlı məsələni dəfələrlə müxtəlif tribunalardan səsləndirdiklərinə şahidlik etmişik. Çünki həmin dairələr üçün ərazimizdə separatçı rejimin öz mövcudluğunu qoruyub saxlaması istənilən vaxt ölkəmizə təzyiq etmək imkanı verə bilərdi. Amma ordumuzun həyata keçirdiyi anti-terror tədbirləri nəticəsində onların bu arzusu gözlərində qaldı.
İndi isə yenə də beynəlxaq dəstəyi arxalarına almaqla bizim üçün məqbul olmayan şərtlərlə sülh sazişi bağlamaq arzusundadırlar. Sülh sazişi mətnindən özündə ölkəzimə qarşı ərazi iddialarını ehtiva edən Ermənistan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı müddəanı çıxarmaqla sülh bağlamaq istəyirlər. Eynilə, yenə də bizim üçün məqbul olmayan şərtlərlə kommunikasiya xətlərinin açılmasını arzulayırlar. Amma məsələ burasındadır ki, onların bu arzuları da gözlərinə qalacaq.

Bizim artıq alternativ dəhlizlərimiz var. Buna görə də sülh sazişi mətnindən Zəngəzur dəhlizi ilə bağlı müddəanın çıxarılması ilə bizim üçün məqbul olmayan heç bir şeylə razılaşmayacağımızı sübut etmişik. Eyni məsələ, Konstitusiya dəyişikliyi olmadan və Ermənistanın ölkəmizə qarşı ərazi iddilarına birdəfəlik son qoyulmadan sülh sazişinin imzalanmasına da aiddir. Ermənistan yalnış olaraq düşünür ki, beynəlxaq təzyiqlər bizi nələrdəsə güzəştə getməyə məcbur edə bilər”.