“Azərbaycan hər bir addımını öz gücünə və imkanlarına arxalanaraq atır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

7 Oktyabr 2024 15:24 (UTC+04:00)

“Amerika Birləşmiş Ştatlarının, eləcə də, Avropanın bir sıra dairələrinin ölkəmizə qarşı qərəzli mövqeyini hər zaman müşahidə edirik. Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxladığı 30 il ərzində ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı. Amma 1992-ci ildə işğala məruz qalan Azərbaycana qarşı “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi qəbul etdi. Bu da Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə daha da həvəsləndirdi. Özünü tam şəkildə cəzasızlıq şəraitində hiss edən Ermənistan Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətində olduğunu da açıq şəkildə bəyan etməkdən çəkinmirdi. Hazırda Qarabağ erməni separatçılarından tamamilə təmizlənib. "Münaqişənin hərbi həlli yoxdir" deyən qüvvələr Azərbaycanı tarixi qələbələrinə görə cəzalandırmaq yolunu seçiblər. Dövlət başçmızın qeyd etdiyi kimi, bu qüvvələr eyni mərkəzlərdən idarə olunurlar. Konqresə sifarişi Dövlət Departamenti verir və prosesləri idarə edir. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyənlər və bu məqsədlə onu silahlandiran Qərb dövlətləri eyni niyyəti həyata keçirən Azərbaycanı da sanksiyalarla hədələyirlər. Ermənistanı silahlandırır və onu yeni müharibəyə sövq edirlər. Ermənistanda revanşizmi şirnikləndirirlər. Qərbin riyakar mövqe ortaya qoyması sülh prosesinə zərbədir. Xüsusilə ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən ABŞ Konqresinin 60 üzvünün dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-ın ikitərəfli münasibətlərin bərabərhüquqlu şəkildə davam etdirilməsində maraqlı olmadığının gəstəricisidir. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, 30 il davam edən işğal, istərsə də postmünaqişə dövrü dünyanın bəzi aparıcı dövlətlərinin və beynəlxalq təşkilatların məsələyə ikili standartlar mövqeyindən yanaşmalarının yaratdığı problemlərlə diqqət çəkir. Dövlət başçımız hər bir çıxışında bu məqamlara xüsusi diqqət yönəldir. Prezident İlham Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyinə və onun xarici himayədarıarına - ABŞ Konqresi, Dövlət Departamenti və Fransa rəhbərliyinə kəskin etirazını bildirərək ciddi xəbərdarlıq etdi. Bəyan etdi ki, bizim işimiz haqq işidir. Heç kim bizimlə hədə dili ilə danışa bilməz. Azərbaycan güclü dövlətdir. Əleyhidarlarımız ağıllarını başlarına yığsınlar. Odla oynamasınlar.
Deputat diqqətə çatdırıb ki, Milli Məclisin 43 üzvü Xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib. Müracətdə qeyd olunub ki, dövlətimizə qarşı belə qərəzli və zərərli siyasi xətt tutan dövlətlə əlaqələrə yenidən baxılması, əməkdaşlığın azaldılması məqsədəuyğundur.

Hansısa bir erməninin Qarabağdan könüllü köçüb getməsinə görə ciddi “narahatlıq” keçirən Amerika rəsmiləri, xüsusilə konqresmenlər 30 il erməni separatçılarının darmadağın etdiyi Qarabağın bərpasına, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsinə ötən 4 il ərzində heç bir vəsait, yardım ayırmayıb. Əslində müharibədən, işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycana beynəlxalq birlik, xüsusilə Qərb dövlətləri və təsisatları ciddi yardım göstərməlidirlər. Çünki Ermənistan beynəlxalq cinayət törədərək işğal dövründə ərazilərimizdə hər şeyi məhv edib. Həmin ərazilərin bərpası üçün milyardlarla dollar vəsait tələb olunur. Lakin humanizmdən danışan Qərb ölkələri, xüsusilə ABŞ ölkəmizə bu məsələdə də heç bir kömək etmir. Əksinə, ABŞ konqresmenləri könüllü surətdə Qarabağı tərk edən ermənilərə yardım üçün canfəşanlıq edir, işğaldan əziyyət çəkən Azərbaycanı isə sanksiyalarla hədələyirlər. Bunun adı isə riyakarlıq, ikiüzlülükdür. Məhz, bu səbəblərdən ölkəmiz ədalətsizliklə üz-üzə qalıb. Əslində, ölkəmizin heç kimin yardımına ehtiyacı yoxdur. Sadəcə, söhbət reallıqlara ədalətsiz yanaşmadan gedir.

K.Bayramov əlavə edib ki, Azərbaycan güclü, müstəqil dövlətdir. Hər bir addımını öz gücünə, imkanlarına arxalanaraq atır. Heç bir dövlətin diktəsi ilə oturub-durmur. Ölkəmizin ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qarşılıqlı hörmətə və maraqlara əsaslanır”.